Koreyada BMU-İNHA ikili diplom proqramı tələbələrinin “Məzun günü” qeyd olunub
Xırdalan, 20 iyun, AZƏRTAC
Bakı Mühəndislik Universiteti (BMU) və İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü ikili diplom proqramının (BMU-İNHA İDP) ilk məzunları üçün Koreya Respublikasında 2023/2024-cü tədris ili üzrə buraxılış tədbiri təşkil edilib.
BMU-dan AZƏRTAC-a bildirilib ki, İNHA Universitetinin professor-müəllim heyəti və məzunların qatıldığı buraxılış mərasimi Azərbaycan və Koreyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Proqrama uyğun olaraq IV kursu İNHA Universitetində bitirən 61 məzundan 3 nəfərə - Nigar Qurbanovaya (İnformasiya texnologiyaları ixtisası), Sahibzaman Şirinova və Şahmurad Orucova (Elektronika mühəndisliyi ixtisası) professor Park Jae-Hyun və dekan Sang Eun Shim tərəfindən “Şərəf” sertifikatı təqdim olunub.
Sonra Park Jae-hyun və Sang Eun Shim məzunları təbrik ediblər.
Məzunlardan Sübahan Abdullayev (Elektronika mühəndisliyi ixtisası) və Aysel Həsənova (İnşaat mühəndisliyi ixtisası) tələbələr adından çıxış ediblər.
Tədbir məzunların ənənəvi “papaqatma” mərasimi və fotoların çəkilməsi ilə başa çatıb.
Qeyd edək ki, 3+1 modelinə əsaslanan BMU-İNHA beynəlxalq ikili diplom proqramı çərçivəsində ümumilikdə 385 tələbə təhsil alır. Onlar 3 il BMU-da, 1 il isə İNHA Universitetində təhsil almaq hüququna malikdirlər. Proqram çərçivəsində bu il daha 83 tələbənin İNHA Universitetində təhsil alacaqları gözlənilir. Tələbələrin yaşayış, təhsil, səfər və sığorta xərcləri “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində qarşılanır.