MƏDƏNİYYƏT
Bu gün respublikamızın sosial-iqtisadi inkişafının bariz nümunəsini Qəbələnin timsalında aydın görmək olar
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramı çərçivəsində Qəbələ şəhərinin “Azərbaycanın əfsanələr paytaxtı" elan olunması barədə məlumatlandırıldılar. Qeyd olundu ki, bu gün respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələnin timsalında aydın görmək olar. Burada yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm infrastrukturları rayonun iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Beynəlxalq irimiqyaslı tədbirlərin Qəbələdə keçirilməsi bu diyarın təbii gözəlliyini və beynəlxalq turizm üçün çox əhəmiyyətli olduğunu bir daha təsdiq edir.
Məktəblilərin Qəbələ ilə ilk tanışlığı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksindən başladı. Bölgənin ən çox turist qəbul edən bu obyekti ilə tanışlıq zamanı şagirdlərə kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xəttinin inşa olunduğu, on xizək yolundan beşində tikinti işlərinin başa çatdığı, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranların açıldığı, bütün dağ-xizək trasının süni qaryağdıran generasiya sistemi ilə təchiz edildiyi və gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsinin mümkünlüyü barədə məlumat verildi. Şagirdlər kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr etdilər, xatirə şəkli çəkdirdilər.
Tarix-diyarşünaslıq muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat verilərək bildirildi ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.
Sonra Heydər Əliyev Mərkəzini ziyarət edən məktəblilər burada Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillərə və sənədlərə böyük maraqla baxdılar. Qəbələ şəhər məscidini ziyarət də qonaqların ürəyincə oldu. “Beltmann” piano fabrikində istehsal prosesini izləyən tur-aksiyanın iştirakçılarının diqqətinə çatdırıldı ki, müəssisədə dünyada məşhur olan “Beltmann” markalı pianolar istehsal edilir.
Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” alban kilsəsinə böyük maraqla baxdılar. Məlumat verildi ki, kilsə tarixi baxımdan ən qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Həmçinin şagirdlər Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə tanış oldular.
Ekskursiyanın iştirakçıları Qəbələyə səfərlərini beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” otelləri, “Fitnes” istirahət-sağlamlıq mərkəzi, rayonda yaradılan müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti ilə tanışlıqla başa çatdırdılar.
Ucar və Yevlax məktəbliləri qədim və müasir Qəbələdən xoş təəssüratlarla Şəki şəhərinə yola düşdülər.