Bu il yeni doğulan oğlan və qız uşaqlarına ən çox qoyulan adlar məlum olub
Bakı, 1 sentyabr, AZƏRTAC
Bu il Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.
AZƏRTAC Ədliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, 2021-ci ildə doğulan oğlan uşaqlarına ən çox Əli adı qoyulub. Bu ad 948 uşağa verilib. Oğlan adlarında sonrakı yerləri Yusif (924), Hüseyn (894), Uğur (891), Məhəmməd (651), Ömər (570), Murad (519), Raul (422), Ayxan (408) və Tunar (406) tutur.
Bu il qız uşaqlarına ən çox Zəhra adı verilib (1010). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (778), Məryəm (722), Aylin (720), Fatimə (695), Mələk (688), Nilay (581), Nuray (558), İnci (506) və Mədinədir (436).
Son beş ildə də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq Yusif və Zəhra adları verilib. Beş ildə 10 min 838 uşağa Yusif, 10 min 737 qız uşağına isə Zəhra adı qoyulub.
Qeyd edək ki, il ərzində yeni doğulan uşaqlara verilən adlarla bağlı məlumat Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sırasında “Azərbaycan adları barədə məlumat” bölməsində yerləşdirilib. Vətəndaşlar bu elektron xidmətdən istifadə edərək yeni doğulmuş uşaqlara ad verərkən həmin adın axtarışı, mənası, şərhi, onunla bağlı statistik məlumat əldə edə bilərlər. Ədliyyə Nazirliyinin elektron xidmətlərindən qurumun rəsmi internet saytı (https://exidmet.justice.gov.az:8284) və ya “Elektron hökumət” portalı vasitəsilə yararlanmaq mümkündür.