BU QIŞ PAYTAXT ƏHALİSİ ELEKTRİK ENERJİSİ İLƏ FASİLƏSİZ TƏCHİZ OLUNACAQDIR
“Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanriverdi Mustafayev AZƏRTAC-a bildirmişdir ki, bu qış mövsümündə paytaxt əhalisi elektrik enerjisi ilə fasiləsiz təchiz olunacaqdır.
Payız və qış mövsümünə hazırlıqla bağlı 2008-ci ildə hazırlanmış proqramın 80-90 faizi həyata keçirilmiş, Bakının mərkəzində və ətraf rayonlarında yardımçı stansiyalar tikilmiş, yeni transformatorlar quraşdırılmışdır.
Paytaxtın elektrik təchizatının gücləndirilməsi məqsədilə nəzərdə tutulan planlar barədə danışan T.Mustafayev bildirmişdir ki, Bakının elektrik təchizatının modernləşdirilməsi məqsədilə paytaxtda dairəvi elektrik enerjisi sistemi yaradılacaqdır. Qurumun 2020-ci ilədək inkişaf proqramına uğyun olaraq, artıq Bayılda 110 kilovatlıq yardımçı stansiyanın tikintisinə başlanılmışdır.
Dairəvi sistemin yaradılması ilə paytaxt sakinləri dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcəklər.
Qeyd edək ki, dairəvi sistemə elektrik enerjisi Bayıl, Müşfiqabad, Liman və İçərişəhər yardımçı stansiyaları vastəsilə ötürüləcəkdir. 640 mindən artıq abonenti əhatə edəcək dairəvi sistem tam olaraq bir ildən sonra istifadəyə veriləcəkdir.