“Buba eşqlə olum arasında” filminə mətbuat baxışı
Bakı, 12 noyabr (AZƏRTAC). Noyabrın 12-də Nizami Kino Mərkəzində “Buba eşqlə olum arasında” filminə mətbuat baxışı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, filmin oktyabrın 24-dən başlanmış nümayişi başa çatmaq üzrədir. Film kənddə doğulmuş, yetimliklə böyümüş Buba adlı dağlı gəncin taleyindən bəhs edir. Sevgilisinə qovuşmaq üçün başlıq pulu qazanmaq məqsədi ilə Bakı mədənlərinə üz tutan Buba şəhərdə oğru dəstəsinin toruna düşərək ağır sınaqlarla üzləşir. Dəstə başçısını öldürdüyünə görə həbsxanaya düşür. Həbsxanadan çıxdıqdan sonra sevdiyi qızın uşaqlıq dostuna nişanlandığını eşidib kəndə qayıdır. Əlbəyaxa döyüşdə dostunu öldürür. Buna görə onu tutub sürgünə yollayırlar. Buba vaqondan atılaraq qaçır.
Çar imperiyasının qanunları Bubanı tam ciddiliyi ilə izləyir. O isə dağlı qanunları ilə mübarizə aparır. Bu mübarizə onu xalqa tanıdır və Bubanı məşhurlaşdırır.
Tarixi dram janrında çəkilmiş film real hadisələrə əsaslanır. Hadisələr XIX əsrin sonunu və XX əsrin əvvəllərini əhatə edir. Çəkilişlər Bakıda, Siyəzən, Quba və Qusar rayonlarında və Dərbənd şəhərində aparılmışdır.
Filmin quruluşçu rejissoru Vasif Məmmədzadədir. Baş rolda Emin Sevdimalıyev, rollarda Azərbaycanın xalq artistləri Tariyel Qasımov, Hacı İsmayılov, Yasin Qarayev, əməkdar artistlər Qurban İsmayılov, Suğra Bağırzadə və başqaları çəkilmişlər.
“S production” studiyasında istehsal olunmuş film haqqında ətraflı məlumatı www.shaxdagfilm.com saytından əldə etmək olar.