BUDAPEŞTDƏ AZƏRBAYCAN KLASSİK MUSİQİSİ KONSERTİ BÖYÜK MÜVƏFFƏQİYYƏTLƏ KEÇMİŞDİR
Dunay simfonik orkestrini Azərbaycanın tanınmış dirijoru Yalçın Adıgözəlov idarə etmişdir. Solist əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, Fransa hökumətinin mükafatı laureatı, pianoçu Murad Hüseynov idi.
Konsert Macarıstandakı səfirliyimizin təşəbbüsü ilə baş tutmuşdur. Diplomatik nümayəndəliyimiz Dunay simfonik orkestri ilə musiqiçilərimiz arasında müqavilənin imzalanmasına kömək göstərmişdir.
Macarıstanın simfonik musiqisevərlərinin biletləri konsertdən xeyli əvvəl almaları Avropada Azərbaycan incəsənətinə böyük maraq olduğunu göstərir.
Konsertdə Pyotr Çaykovskinin, Fikrət Əmirovun, bu yaxınlarda həyatdan getmiş Vasif Adıgözəlovun əsərləri səslənmişdir.
Konsert böyük uğurla keçmiş, dinləyicilər musiqiçilərimizi uzun müddət səhnədən getməyə qoymamışlar. Murad Hüseynov proqrama daxil olmayan daha iki əsəri - V.Adıgözəlovun prelüdiyasını və F.Şopenin polonezini təkrar ifa etmişdir.
Macarlar deyirlər ki, çoxdandır belə gözəl konsertdə olmamışlar. Musiqiçilərimiz təəssüratlarını bölüşərək demişlər ki, Azərbaycan musiqisinin macarların ürəyində belə əks-səda tapmasından məmnun qalmışlar.
Səfir Həsən Həsənov konsertdən əvvəl çıxış edərək, Azərbaycanın misilsiz klassik musiqisindən, mədəniyyətin xalqları yaxınlaşdıran böyük qüdrətindən söhbət açmışdır. O bildirmişdir ki, səfirlik Prezident İlham Əliyevin tapşırığını yerinə yetirərək, Azərbaycan-Macarıstan münasibətlərini fəal inkişaf etdirir və möhkəmləndirir, mədəni əlaqələrin inkişafına diqqətini artırır.
12 noyabr Konstitusiya gününə həsr olunmuş konsert Budapeştdəki diplomatik nümayəndəliyimizin təşkil etdiyi təntənəli qəbulla başa çatmışdır.