Bugünkü müstəqil, qüdrətli Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir
Bakı, 10 iyul (AZƏRTAC). Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişi münasibətilə “45 il öncə başlanan milli intibah” adlı tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının idarə heyətinin üzvü, “Tibbi profilaktika” ərazi ilk partiya təşkilatının sədri Akif Əlibəyov demişdir ki, ulu öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə respublikamızın iqtisadiyyatında, ictimai-siyasi həyatında köklü dəyişikliklər baş vermiş, ölkə sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.
YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov demişdir ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin şah əsəridir. O bildirmişdir ki, hazırda beynəlxalq aləmdə söz sahibi olan müstəqil Azərbaycan əldə etdiyi sosial-iqtisadi uğurlarla nəinki bölgənin, hətta dünyanın sayılıb seçilən dövlətlərindən birinə çevrilmişdir.
Digər çıxış edənlər də vurğulamışlar ki, bu gün Azərbaycanın iqtisadi, siyasi, elmi, hərbi, mədəni, ictimai və sosial sahələrdə qazandığı nailiyyətlər ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində yaradılmışdır. Ümummilli Liderin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində bu gün Azərbaycan müstəqil, demokratik, dünyəvi dövlət kimi daim irəliyə doğru gedir.