Bundesliqaya yekun vuruldu: “Bavariya” 35-ci çempionluğunu bayram edir
Berlin, 16 may, AZƏRTAC
Futbol üzrə Almaniya çempionatının (Bundesliqa) 63-cü - 2025-2026-cı il mövsümünə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, çempionatın sonuncu - 34-cü turunda da qalib gələn “Bavariya” 4 tur əvvəl rəsmiləşdirdiyi 35-ci çempionluğunu bayram edib. Komanda sonuncu görüşdə Münxendə “Köln” üzərində böyükhesablı qələbə qazanıb - 5:1.
Beləliklə, “Bavariya” bu mövsümdə vurduğu qolların sayını 122-yə çatdıraraq Bundesliqa tarixində yeni rekord müəyyənləşdirib. Əvvəlki rekord Gerd Müller və Frans Bekkenbauerin çıxış etdiyi 1971-1972-ci il mövsümündə qeydə alınmışdı – 101 qol. Münxenlilər 2019-2020-ci il mövsümündə isə rəqib qapılarına 100 dəfə yol tapıblar.
Bundesliqanın sonuncu turunun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Bayer Leverkuzen” – “Hamburq” – 1:1
“Ayntraxt Frankfurt” – “Ştutqart” – 2:2
“Frayburq” – “Leypsiq” – 4:1
“Verder Bremen” – “Borussiya Dortmund” – 0:2
“Borussiya Mönxenqladbax” – “Hoffenhaym” – 4:0
“Union Berlin” – “Auqsburq” – 4:0
“St Pauli” – “Volfsburq” – 1:3
“Haydenhaym” – “Maynts” – 0:2
Beləliklə, “Bavariya” 89 xalla çempionatı ilk pillədə başa vurub. “Borussiya Dortmund” 73 xalla ikinci, “Leypsiq” 65 xalla üçüncü, “Ştutqart” isə 62 xalla dördüncü pillədə qərarlaşıb. Bu komandalar ilk dörd sırada yer almaqla UEFA Çempionlar Liqasına vəsiqə qazanıblar. Beşinci pillədə yer alan “Hoffenhaym” (61 xal) və ondan iki xal geri qalan “Bayer Leverkuzen” (59 xal) UEFA Avropa Liqasında mübarizə aparacaq. Bundesliqanı 47 xalla 7-ci sırada başa vuran “Frayburq” isə UEFA Konfrans liqasında çıxış edəcək.
Müvafiq olaraq, digər pillələrdə “Ayntraxt Frankfurt” (44 xal), “Auqsburq” (43), “Maynts” (40), “Union Berlin” (39), “Borussiya Mövxenlqadbax” (38), “Hamburq” (38), “Köln” (32) və “Verder Bremen” (32) qərarlaşıblar. Çempionatda qalmaq şansını son turda qazandığı kritik üç xal sayəsində təmin edən “Vofsburq” (29) bunun üçün pley-offda mübarizə aparacaq. Son iki sırada qərarlaşan “St Pauli” və “Haydenhaym” (hər ikisi 26 xal toplayıb) Bundesliqanı tərk edib.