Buxarestdə “Rumıniyanın Cənubi Qafqaz ölkələri ilə münasibətləri” kitabının təqdimat mərasimi olmuşdur
Buxarest, 25 aprel (AZƏRTAC). Buxarestdə yerləşən Qədim Xəritə və Kitablar Muzeyində Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin sabiq əməkdaşı Təbriz Qarayevin müəllifi olduğu “Rumıniyanın Cənubi Qafqaz ölkələri ilə münasibətləri” kitabının təqdimat mərasimi keçirilmişdir.
Kitab Rumıniyanın nüfuzlu “Top Form” nəşriyyatı tərəfindən çap edilmişdir.
Mərasimdə ölkənin ictimai, elm xadimləri, müxtəlif universitetlərin professor və müəllimləri, Avropa Parlamentinin üzvləri, Azərbaycanın Rumıniyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rumıniyadakı Nümayəndəliyinin əməkdaşları, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri, Rumıniyada yaşayan azərbaycanlılar və Azərbaycansevər rumınlar iştirak etmişlər.
“Geopolitika” jurnalının baş redaktoru Vasile Simileanu, Buxarest İqtisadiyyat Akademiyasının coğrafiya və turizm kafedrasının müdiri, professor Silviu Nequts, Rumıniyanın Geniş Strateji Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı, siyasi elmlər doktoru Rızvan Buzatu, Rumıniya Coğrafiya Akademiyasının professoru Radu Sacata mərasimdə çıxış edərək kitab haqqında müsbət rəylərini bildirmiş, nəşrin yüksək peşəkarlıqla hazırlandığını vurğulamışdır. Çıxış edənlər, həmçinin kitabda Cənubi Qafqaz regionunun tarixi, coğrafi, iqtisadi, geosiyasi və etnik baxımdan təhlil edildiyini bildirmiş, Rumıniyanın həmin regionun ölkələri ilə ikitərəfli diplomatik, iqtisadi və mədəni əlaqələri barədə geniş məlumat verildiyini diqqətə çatdırmışlar. Rumıniyanın region ölkələri ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, Azərbaycanın Avropa üçün maraqlı olan enerji layihələrinin həyata keçirilməsində oynadığı mühüm rol vurğulanmışdır. Kitabın rumın oxucuları, müxtəlif təhsil müəssisələrində təhsil alan tələbələr və elmi araşdırma aparan tədqiqatçılar üçün əvəzsiz əyani vəsait olacağı qeyd edilmişdir. Mərasimdə T.Qarayev çıxış edərək müəllifi olduğu kitabda Azərbaycanın tarixi, keçdiyi inkişaf yolu, regiondakı mövqeyi, apardığı müstəqil xarici siyasət, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki mühüm rolu, Avratlantik institutlara fəal inteqrasiyası, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumatların yer aldığını bildirmişdir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest