İQTİSADİYYAT
BVF qlobal borc indeksinin ən yüksək həddə çatdığını bildirib
![BVF qlobal borc indeksinin ən yüksək həddə çatdığını bildirib](/files/2023/1/1200x630/1681311935845718458_1200x630.jpg)
Bakı, 12 aprel, AZƏRTAC
Beynəlxalq Valyuta Fondu (BVF) çərşənbə günü xəbərdarlıq edib ki, qlobal dövlət borcu görünməmiş səviyyələrə çatmaq üzrədir. BVF-nin maliyyə məsələləri departamentinin rəhbəri Vitor Qaspar jurnalistlərə müsahibəsində Çin və ABŞ-ın qarşıdakı beş il ərzində gözlənilən borc artımının böyük əksəriyyətinə görə məsuliyyət daşıdığını bildirib.
AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, V.Qaspar BVF-nin “Fiskal Monitor” hesabatının qısa şərhini verib. O bildirib: “2023-cü ildə dövlət borcunun pandemiyadan əvvəl gözləniləndən daha yüksək olduğu bir vəziyyətdəyik”. O əlavə edib ki, Birləşmiş Ştatlarda iqtisadi məhsulun faizi kimi dövlət borcunun - borcun ÜDM-ə nisbətinin - 2027-ci ilə qədər pandemiya dövründəki pik həddini keçəcəyi gözlənilir. Bu arada, Çinin borcunun ÜDM-ə nisbətinin hər il artacağı ehtimal olunur. BVF-nin məlumatına görə, Pekinin borc yükünün 2028-ci ilə qədər pandemiyadan əvvəlki səviyyədən iki dəfə çox olacağı proqnozlaşdırılır.
Qaspar bildirib ki, bu, daha çox Çinin ixraca əsaslanan iqtisadiyyatdan daxili tələbatla təmin edilən iqtisadiyyata keçidi ilə bağlıdır. “ABŞ, Çin və bir sıra digər ölkələri nəzərə almasaq, əksər ölkələrin borc yükləri orta müddətli perspektivdə daha müsbət perspektiv vəd edir. Ölkələrin 60 faizindən çoxu növbəti beş il ərzində borcun ÜDM-ə nisbətində azalma müşahidə edir. Qlobal borcun artmasına cavab olaraq, BVF “fiskal sərtləşdirmə üçün güclü iddia" irəli sürür”,- deyə BVF rəsmisi vurğulayıb. Onun sözlərinə görə, fiskal sərtləşdirmə pul siyasətində hökumətlərə "faiz dərəcələrində belə kəskin artımlar olmadan" inflyasiyanı aşağı salmağa imkan verəcək. Bu, həm də cəmiyyət daxilində xərclərin daha yaxşı bölüşdürülməsinə şərait yaradır.