ELM VƏ TƏHSİL
“Cahana sığmayan Azərbaycan şairi” kitabı üç dildə nəşr olunub
Bakı, 15 yanvar, AZƏRTAC
AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Cahana sığmayan Azərbaycan şairi” kitabı çap olunub.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, kitabda İsa Həbibbəylinin görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına, əsərlərinin tədqiqi və nəşrinə dair tədqiqatları ümumiləşdirilib. “Elm və təhsil” nəşriyyatında işıq üzü görən “Cahana sığmayan Azərbaycan şairi” tədqiqat əsəri Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.
Kitabın elmi redaktoru, filologiya üzrə elmlər doktoru Fəridə Əzizova, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.
Nəşrdə “Nəsimi ili”ndə AMEA-da çap olunmuş kitabların siyahısı və “Nəsimi ili” şeiri yer alıb. Bundan əlavə, oxucular kitabın “Şəkil də bir tarixdir” bölümündə il ərzində Nəsimi ilə bağlı təşkil edilmiş tədbirlərdən fotolarla tanış ola bilərlər.