CAR portalı 27 Sentyabr – Anım Günündən yazıb
Bakı, 25 sentyabr, AZƏRTAC
Cənubi Afrika Respublikasının (CAR) aparıcı xəbər saytlarından olan “Independent Online”da 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc olunub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tanınmış jurnalist Zingisa Mkhumanın müəllifi olduğu məqalədə sentyabrın 27-sinin Azərbaycan xalqı üçün həm şəhidlərin xatirəsinin anıldığı gün olduğu vurğulanır.
Müəllif yazır ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın Ermənistanın uzun illər işğal altında saxladığı əraziləri azad edilib. Məqalədə bu hadisənin regionda suverenlik və ərazi bütövlüyü prinsiplərinin əhəmiyyətini bir daha ortaya qoyduğu diqqətə çatdırılır.
Yazıda şəhidlərin fədakarlığının Azərbaycan xalqının birliyinin və əzminin təcəssümü olduğu bildirilir. Qeyd edilir ki, Anım Günü yalnız matəm deyil, həm də azad olunmuş ərazilərdə yeni həyatın qurulmasına imkan verən ehtiram günüdür.
Məqalədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərinə də diqqət yetirilir. Bildirilir ki, müharibədən sonra bu ərazilərdə “ağıllı” şəhər və kəndlərin salınması, yeni hava limanlarının, avtomobil yollarının tikilməsi və kənd təsərrüfatı layihələrinin həyata keçirilməsi Qarabağın dayanıqlı inkişaf istiqamətində transformasiyasına xidmət edir.
Müəllif “Böyük Qayıdış” Proqramı çərçivəsində məcburi köçkün ailələrinin azad olunmuş ərazilərə qayıtdığını, Füzuli–Şuşa avtomobil yolu və hava limanlarının tikintisi layihələrini xüsusi qeyd edib.
Materialda Qarabağda “yaşıl enerji” zonalarının, rəqəmsal həllərin və “ağıllı” yaşayış məntəqələrinin yaradılması planlarından da bəhs olunur. Eyni zamanda, tarixi abidələrin və mədəni irsin bərpasına yönəlmiş layihələrin həyata keçirildiyi vurğulanır.
Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin bərpası və modernləşdirilməsi prosesindəki roluna toxunulur. Müəllif bu ərazilərin həm iqtisadi, həm də turizm mərkəzinə çevrilməsi istiqamətində görülən işlərə diqqət çəkir.
Məqalənin sonunda bu günün Azərbaycan xalqının əzmkarlığını və birliyini əks etdirdiyi, şəhidlərin xatirəsinin ehtiramla anıldı tarix olduğu bildirilir. Müəllif bu günün Azərbaycan üçün təkcə anım deyil, həm də Zəfər, əzmkarlıq və ümid rəmzi olduğunu qeyd edir.