Cari ilin 9 ayında Qəbələyə 35 min 640 turist gəlmişdir
Qəbələ, 6 oktyabr (AZƏRTAC). Qəbələ rayonuna gələn yerli və xarici turistlərin sayı ildən-ilə artır. Rayonun mədəniyyət və turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, təkcə bu ilin 9 ayında Qəbələyə 35 min 640 turist gəlmişdir ki, onlardan 29 min 790-ı yerli, 5850-si xarici vətəndaşdır. Bu il Qəbələyə gələn qonaqların 33 min 185-i müxtəlif turizm obyektlərində istirahət etmiş, 2210-u işgüzar səfərdə olmuş, 129-u isə sanatoriyada müalicə olunmuşdur.
Cari ildə Qəbələnin bir sıra yerli və beynəlxalq əhəmiyyətli iqtisadi və mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi bu rayona işgüzar səfərə və istirahətə gələnlərin sayının artmasına səbəb olmuşdur. Hazırda Qəbələdə irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Ötən 5 il ərzində Qəbələdə müasir turizm obyektlərinin sayı 4 dəfə artaraq 18-ə çatmışdır. Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında hazırda bu rayonda “Qafqaz Sport”, “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qəbələ City”, “Karvansaray”, “Yeddi gözəl”, “Xanlar” “Duyma”, “Karvan”, “Selbasar”, “Sahil”, “Qəbələ”, “Çənlibel”, ”Semerana” və digər istirahət mərkəzləri turistlərə xidmət göstərir. Gün ərzində bu obyektlərdə ümumilikdə 2300-ə yaxın qonağa restoran və otel xidmətlərinin, eləcə də meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahət xidmətlərinin göstərilməsi üçün imkanlar vardır. Rayonun müxtəlif yerlərində həmin turizm obyektlərinin reklam lövhələri qoyulmuşdur.