CARİ İLİN BİRİNCİ YARISINDA AZƏRBAYCAN İQTİSADİYYATININ YÜKSƏK SÜRƏTLƏ İNKİŞAFI DAVAM ETMİŞDİR
Xəbər verildiyi kimi, avqustun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir. Ölkəmizin şəhər və rayonlarında təşkil olunan yığıncaq və müşavirələrdə ictimaiyyətin nümayəndələri iclasdan irəli gələn vəzifələri müzakirə edirlər. AZƏRTAC-ın müxbirlərinin həmin tədbirlərdən hazırladıqları materialları təqdim edirik.
YASAMAL RAYONU
Hesabat dövründə rayonun bütün sənaye müəssisələri tərəfindən 36 milyon 814,6 min manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çox məhsul istehsal edilmişdir. İstehlakçılara 37 milyon 322,6 min manatlıq məhsul göndərilmişdir. Sənayedə çalışan işçilərin orta aylıq əmək haqqı 20,2 faiz artmışdır. İlin birinci yarısında rayonda 815 yeni iş yeri açılmışdır. Ümumilikdə isə, 2003-cü ildən indiyə qədər 14 min 738 yeni iş yeri açılmışdır.
İcra hakimiyyətinin başçısı İbrahim Mehdiyev hesabat məruzəsində bildirmişdir ki, sosial müdafiəyə ehtiyacı olan 3 min nəfərə daxili imkanlar hesabına 60 min manatdan çox maddi yardım verilmiş, 3 min 200 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Rayonun səhiyyə və mədəni-maarif müəssisələrində maddi-texniki bazanın möhkəmləndirilməsi üçün mühüm işlər görülmüşdür.
ƏZİZBƏYOV RAYONU
Cari ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafında mühüm nailiyyətlərin əldə olunduğu, yeni iş yerlərinin yaradıldığı bildirilmişdir. Hesabat dövründə rayon üzrə sənaye məhsulu istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz artmışdır.
İcra hakimiyyətinin başçısı Gülağa İslamov demişdir ki, ilyarımda 894 yeni iş yeri açılmışdır. Ümumilikdə, son beş ildə 6483 yeni iş yeri yaradılmışdır ki, bunun da 6443-ü daimidir. Mərdəkan qəsəbəsindəki Heydər Əliyev parkında yenidənqurma işləri tamamlanmış və burada ulu öndərin əzəmətli heykəli ucaldılmışdır.
Qəsəbələrdəki çoxmərtəbəli binaların su, qaz, kanalizasiya və elektrik xətlərində, yaşayış evlərinin fəsad və dam örtüklərində təmir işləri aparılmışdır. Hesabat dövrü ərzində rayon ərazisində 11 yardımçı stansiyanın transformatorları yeniləri ilə əvəzlənmişdir.
Yığıncaqda təhsil, səhiyyə, idman və digər sahələrdəki uğurlardan da söhbət açılmışdır.
XOCALI RAYONU
Rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov məruzəsində bildirmişdir ki, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan Xocalı sakinləri əvvəllər olduğu kimi, cari ilin altı ayında da daim dövlətin qayğısını hiss etmiş, özlərinin həyat və məişət şəraitlərinin yaxşılaşdırılması üçün işgüzarlıqlarını artırmışlar. Belə ki, 1462 hektar sahədə dənli bitkilər əkilmiş, 27769 sentner taxıl istehsal edilmişdir. Bu da keçən ilkindən 15599 sentner çoxdur. Qaramalın sayı 4524-ə, davarların sayı isə 25609-a çatmışdır. Hesabat dövründə 1335 sentner ət, 197 sentner yun, 15200 sentner süd istehsal olunmuşdur.
Qeyd olunmuşdur ki, xocalıların mənzil şəraitinin yaxşılaşdırılması üçün indi Goranboy ərazisində 500 ailə üçün yeni evlər tikilir.
İSMAYILLI RAYONU
Bu ilin altı ayında 27753 min manatlıq ümumi məhsul istehsal olunmuşdur. Pərakəndə əmtəə dövriyyəsi 26496 min manat təşkil etmişdir. Taxılçılar 67 min tondan çox və ya hər hektardan 23,8 sentner məhsul götürmüşlər. Bildirilmişdir ki, sosial təyinatlı binalar tikilmiş, Heydər Əliyev adına mədəniyyət və istirahət mərkəzi yaradılmışdır. İvanovka və Hacıhətəmli kəndlərində, Lahıc qəsəbəsində yeni infrastruktur layihələri həyata keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov hesabat məruzəsində əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq üçün yeni qazpaylayıcı stansiyanın inşa edildiyini, əvvəllər qazlaşdırılmış bütün kəndlərə qaz verilməsinin bərpası üçün layihələr hazırlandığını vurğulamışdır.