SİYASƏT
Cavanşir Paşazadə: Vətən müharibəsi nəticəsində Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq hüquqa söykənib
Bakı, 1 sentyabr, AZƏRTAC
Uzun illər işğal altında qalmış torpaqlarımızın 44 günlük müharibədə azad edilməsi bir daha Azərbaycan dövlətinin, onun Ordusunun nəyə qadir olmasını beynəlxalq aləmə çatdırdı. Vətən müharibəsində Azərbaycanın əldə etdiyi uğurlar tamamilə beynəlxalq hüquqa söykənib. Bunu son aylarda dünyanın ən nüfuzlu siyasi təşkilatlarının, beynəlxalq diplomatik korpusun nümayəndələrinin azad olunmuş torpaqlarımıza səfərləri zamanı dedikləri fikirlər bir daha sübut edib.
Bu sözləri Milli Məclisin deputatı Cavanşir Paşazadə AZƏRTAC-a açıqlamasında ifadə edib.
O qeyd edib ki, işğaldan azad olunmuş torpaqlarda tikinti işləri dünyanın inkişaf etmiş ölkələrinin infrastruktur layihələrinə uyğun olaraq uğurla həyata keçirilir. Bu gün Azərbaycan dövləti özünün növbəti siyasətində sülh sazişlərinin əldə edilməsi üzərində çalışır. Bu sahədə artıq uğurlu addımlar atılıb.
“Ermənistanın müqavimətinə və Brüssel görüşündə real nəticələrin əldə olunmasına maneçilik törətmək cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticələr əldə edib. Bu özlüyündə dövlətimizin başçısının ölkəmizin ərazi bütövlüyünə və onun inkişafına böyük həssaslıqla yanaşması deməkdir. Azərbaycan və Ermənistan respublikalarının Xarici İşlər nazirliklərinin xətti ilə bir ay ərzində sülh razılaşmasının təqdimi üçün xüsusi işçi qruplarının yaradılması barədə razılığa gəlinib. Yeni sülh razılaşmasına dair irəli sürülən təklif və sənədlərdə köhnə vasitələrdən olan ATƏT, eyni zamanda, ATƏT-in Minsk qrupundan söhbət gedə bilməz. Əks halda bu, sazişin fəaliyyətinə kölgə sala bilər. Onu da qeyd edək ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında mötəbər təşkilat olaraq Avropa İttifaqının da böyük vasitəçiliyi var”, - deyən deputat fikirlərini yekunlaşdırıb.