CƏBHƏNİN BİR NEÇƏ İSTİQAMƏTİNDƏ ATƏŞKƏS POZULMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 6-da saat 17.35-dən 18.00-dək və saat 20.30-dan 20.50-dək Ermənistanın Berd rayonunun Mosesqex və Çinari kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 13.10-dan 13.20-dək və iyunun 7-si saat 5.10-dan 5.20-dək Tərtər rayonunun Göyarx və Qızıl Oba kəndlərinin, saat 23.40-dan 23.50-dək Xocavənd rayonunun Kuropatkino kəndinin, saat 18.15-dən 18.30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin, saat 23.02-dən 23.14-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərindən Milli Ordumuzun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur. İtki yoxdur.