Cəfər Cabbarlının Xızı rayonundakı ev-muzeyinə virtual ekskursiya təşkil olunub
Bakı, 18 mart, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mirzə Şəfi Vazeh adına mərkəzi kitabxanasında iki nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün Cəfər Cabbarlının Xızı rayonundakı ev muzeyinə virtual ekskursiya təşkil olunub.
Baş idarədən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları ədibin Xızı rayonundakı ev-muzeyində olan eksponatlarla tanış oldular. Virtual ekskursiya Yasamal rayon MKS-nin və Xızı rayon MKS-nin habelə Cəfər Cabbarlının Xızı rayonundakı ev-muzeyinin əməkdaşlarının iştirakı ilə baş tutdu.
Böyük ədib və dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar geniş məlumat verilib.
Tədbirdə “Hansı kitabları sevirsiniz?” mövzusunda müzakirələr də aparılıb. Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova mütaliənin yaşından asılı olmayaraq hər bir insan üçün vacib olduğunu söyləyib. Çoxlu mütaliə etməyin insanın dünyagörüşünün formalaşmasında böyük rol oynadığını vurğulayıb.
Kollecin müəlliməsi Esmira Babayeva tədbirə görə kitabxana kollektivinə öz təşəkkürünü bildirib və belə görüşlərin davamlı olmasını arzulayıb. M.Ş.Vazeh adına Mərkəzi Kitabxana ənənəsinə sadiq qalaraq, tədbir iştirakçılarına kitablar hədiyyə edib.