Cəlilabadda keçirilən fləş-mob sakinlərin marağına səbəb olub
Bakı, 15 may, AZƏRTAC
Səhiyyə Nazirliyi və nazirliyin Cəlilabad Tibb Kolleci tərəfindən təşkil olunmuş “İlk tibbi yardım – İkinci həyata addım” adlı maarifləndirici aksiya və fləş-mob rayon sakinlərinin böyük marağına səbəb olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin əsas məqsədi əhalini fövqəladə hallarda düzgün və vaxtında reaksiya verməyə hazırlamaq, ilk yardım bacarıqlarını mümkün qədər çox insana aşılamaqdır.
Aksiya zamanı elektrik vurması, epilepsiya tutması, güclü qanaxma, yanıqlar, zəhərlənmə və digər təxirəsalınmaz vəziyyətlərdə ilkin tibbi yardım qaydaları əyani şəkildə nümayiş etdirilib.
Kollecin tələbələri ürəyin qapalı masajı və süni tənəffüs qaydalarını canlı şəkildə göstərib, iştirakçıların arterial təzyiq və nəbz ölçmələrini aparıblar. Aksiyanın sonunda bütün iştirakçılara ilk yardım qaydalarını əks etdirən məlumatlandırıcı bukletlər paylanılıb.
Fləş-mobda tibb kollecinin tələbələri və könüllülər müxtəlif fövqəladə situasiyalarda hər kəsin edə biləcəyi sadə, amma həyati vacib addımları ritmik və vizual formada nümayiş etdiriblər. Bu format sayəsində məlumat daha asan yadda qalır və geniş kütləyə çatır.
Qeyd edilib ki, gələcəkdə Səhiyyə Nazirliyi maarifləndirici aksiya və fləş-mobların respublikanın digər şəhər və rayonlarında da keçirilməsi planlaşdırır.