Cəlilabadda Respublika Günü bayram əhval-ruhiyyəsi ilə qeyd edilib
Cəlilabad, 28 may, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş ümumrayon tədbirində 28 May - Respublika Günü bayram əhval-ruhiyyəsi ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov rayon sakinlərini əlamətdar bayram münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti ən çətin məqamlarda belə demokratik ideallardan geri çəkilməyib, hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatı istiqamətində qətiyyətli addımlar atıb. Müsəlman aləmində ilk demokratik respublikanın məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən islahatların bu məkanda gerçəkləşməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə malik olduğunu bir daha təsdiqləyir.
Qeyd olunub ki, bu gün Azərbaycan dünyada nüfuzlu dövlət kimi tanınır. Bu müsbət imicin formalaşmasının kökündə uzun illər həyata keçirilən uğurlu daxili və xarici siyasət dayanır. Ulu öndər Heydər Əliyevin banisi olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən müstəqil Azərbaycanın nailiyyətləri cümhuriyyətçilik prinsiplərinin təntənəsidir.
Toplantıda çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin çoxəsrlik dövlətçilik tariximizdə oynadığı roldan, müstəqil Azərbaycan Respublikasının qazandığı uğurlardan danışıblar.
Ümumrayon tədbiri bayram konserti ilə davam edib.