REGİONLAR
Cəlilabadda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü qeyd edilib
Cəlilabad, 10 may, İlkin Adıyev, AZƏRTAC
Cəlilabad rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatları, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri ilk əvvəl Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları Cəlilabad rayon Heydər Əliyev Mərkəzini ziyarət edərək, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxıblar.
Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, dünyaşöhrətli siyasi xadimin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik Lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğundan, ölkəmizin qüdrətlənməsindən, bugünkü Azərbaycanın dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biri olmasından, ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsindən və əhalinin rifah halının ildən-ilə yüksəlməsindən danışıb.
Daha sonra tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film izlənilib.