Cəlilabadlı gənclərin bir qrupu “Hərbi Qənimətlər Parkı”na ekskursiya edib
Cəlilabad, 1 noyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun fəal gənclərinin bir qrupu 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında məğlubiyyətə uğrayan düşməndən qənimət götürülmüş hərbi texnikaların nümayiş etdirildiyi “Hərbi Qənimətlər Parkı”na ekskursiya edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cəlilabadlı gənclərə “Hərbi Qənimətlər Parkı” haqqında məlumat verilib. Bildirilib ki, burada Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən qənimət götürülən hərbi qənimətlərin bir qismi və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədləri nümayiş olunur.
Parka gələnlər Vətən müharibəsinin real nəticələri ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə, 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.
Cəlilabadlı gənclər parkda nümayiş etdirilən Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri avtomobillərin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi, yaralanması barədə faktlarla, eləcə də düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin qalıqları ilə böyük maraqla tanış olublar.