CƏNUB BÖLGƏSİNDƏ ZONA MÜŞAVİRƏSİ
Kənd Təsərrüfatı Nazirliyinin, rayon icra hakimiyyətlərinin məsul işçilərinin, ərazi kənd təsərrüfatı idarələri mütəxəssislərinin, regionun kənd təsərrüfatı müəssisələrinin rəhbərləri, fermerlərin, sahibkarların, bələdiyyələrin nümayəndələrinin iştirak etdikləri müşavirədə nazirliyin idarə rəisi Mehrac Əliyevin dövlətimizin başçısının Fərmanının icrası ilə əlaqədar bölgədə kənd təsərrüfatının inkişaf perspektivləri barədə məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, kənd təsərrüfatında islahatların birinci mərhələsində yol verilmiş bəzi nöqsanlar aradan qaldırılmalı, kəndlərdə aqroservis xidməti, toxumçuluq sahəsinin inkişafı təşkil edilməli, fermerlər, torpaq mülkiyyətçiləri elit toxum materialı ilə təmin edilməli, yerlərdə toxum ehtiyatları yaradılmalıdır. Heyvandarlıqda damazlıq sektoru fəaliyət göstərməli, fermerlərə uzunmüddətli güzəştli kreditlərin verilməsi təmin olunmalıdır.
Kənd təsərrüfatı məhsullarının alıcılara çatdırılması, xarici bazarlara çıxarılması problemlərinə, yeni emal müəssisələri yaradılmasının zəruriliyinə də toxunulmuşdur.
Müzakirələrdə çıxış edənlər bölgədə kənd təsərrüfatının inkişafına dair fikir və mülahizələrini bildirmiş, Lənkəran Dövlət Universitetində kənd təsərrüfatı fakültəsinin açılması barədə və digər təkliflər irəli sürmüşlər. Onlar yeni istehsal sahələrinin yaradılması məqsədi ilə verilən kreditlərə dövlət nəzarətinin gücləndirilməsinin zərurliyi də vurğulanmışdır.