CƏMİYYƏT
Cənub regionunda aqroturizmin təşviqi ilə bağlı tədbirlər keçirilir





Bakı, 21 sentyabr, AZƏRTAC
Lənkəran rayonunda kənd təsərrüfatı subyektlərində çalışan şəxslər üçün aqroturizmin təşviqi ilə bağlı təlim təşkil edilib. Təlim Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəfəq” Ekoturizm İctimai Birliyinin icra etdiyi “Kənd yerlərində aqroturizmin təşviqi ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində keçirilib. Tədbirin həyata keçirilməsinə Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstək göstərib.
“Şəfəq” Ekoturizm İB-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən ictimai birliyin prezidenti, layihə rəhbəri Vamiq Babayev layihə barədə geniş məlumat verib, onun hədəflərini iştirakçıların diqqətinə çatdırıb.
Birliyin idarə heyətinin üzvü, layihə üzrə təlimçi Rafət Şirəliyev tərəfindən iştirakçılarla aqroturizm fəaliyyəti, turizm və kənd təsərrüfatının uyğunlaşdırılması, aqroturizm məhsulları və onların yaradılması, aqroturizmin faydaları, regionda aqroturizm imkanları, aqroturizm sahibkarlıq fəaliyyəti kimi, biznes yanaşması, aqroturizmdə marketinq mövzusunda məlumatları bölüşüb və fərdi tapşırıqlar əsasında potensial aqroturizm fəaliyyətinin müəyyənləşdirilməsi istiqamətində qrup işləri həyata keçirilib.
Qeyd edək ki, layihənin məqsədi kənd yerlərində aqroturizm sahəsində maarifləndirmə işi aparmaq, müsbət təcrübənin öyrənilməsini təşkil etmək və tətbiqi imkanlarını stimullaşdırmaqla aqroturizmin inkişafına kömək olmaqdan ibarətdir.