SİYASƏT
Cənubi Afrika Respublikasının nüfuzlu “The New Age” qəzetində Azərbaycanla bağlı məqalə dərc edilmişdir
![Cənubi Afrika Respublikasının nüfuzlu “The New Age” qəzetində Azərbaycanla bağlı məqalə dərc edilmişdir](/files/2013/3/1200x630/14071451163130751157_1200x630.jpg)
Bakı, 8 noyabr (AZƏRTAC). Cənubi Afrika Respublikasının geniş oxucu kütləsinə malik ingilisdilli “The New Age” qəzetində Azərbaycanla bağlı məqalə dərc edilmişdir.
Məqalənin müəllifi III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş Cənubi Afrika Beynəlxalq Münasibətlər İnstitutunun professoru, keçmiş səfir, “Azərbaycanın Cənubi Afrikadakı Dostları” qeyri-hökumət təşkilatının təsisçilərindən biri Tomas Vilerdir.
Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, müəllif III Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələrin, eləcə də sabiq prezidentlərin, Nobel mükafatı laureatlarının, ictimai-siyasi, mədəniyyət xadimlərinin iştirak etdiklərini diqqətə çatdırır.
Forum iştirakçılarının Azərbaycanın bölgələrinə də səfərlərinin təşkil edildiyini yazan T.Viler özünün Naxçıvan Muxtar Respublikasında olduğunu, burada gördüklərinin onda gözəl təəssüratlar yaratdığını bildirir. Müəllif yazır ki, Bakıda olduğu kimi, Naxçıvanda da böyük abadlıq, quruculuq işləri aparılmışdır.
T.Viller məqalədə Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün bir milyondan artıq azərbaycanlının öz doğma yurdlarından didərgin düşməsi ilə nəticələndiyini oxucuların diqqətinə çatdırır.
Azərbaycanın uğurlu enerji siyasəti haqqında məlumat verən müəllif bu ölkənin iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayır. O, həmçinin bildirir ki, Azərbaycan rəhbərliyi qeyri-neft sektorunun, xüsusilə informasiya-kommunikasiya texnologiyalarının, turizmin və kənd təsərrüfatının inkişafına böyük önəm verir.
2001-ci ildə Azərbaycana səfər etdiyini yazan T.Viler bu müddətdə ölkənin tanınmayacaq dərəcədə inkişaf etdiyini diqqətə çatdırır. O əlavə edir ki, Bakı Beynəlxalq Humanitar Forumu müasir dövrümüzdə olduqca vacib məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, həm də xaricdən gələn qonaqlara Azərbaycanın dinamik inkişafını görmək üçün imkan yaradır.