Cənubi Koreyanın ilk kosmik raketi şərti peyki orbitə çatdıra bilməyib
Pekin, 21 oktyabr, AZƏRTAC
Cənubi Koreya kosmos proqramı çərçivəsində özünün milli istehsalı olan KSLV-2 (“Nuri”) kosmik raketinin ilk buraxılışını həyata keçirib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, raketin buraxılışı yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 12:00) ölkənin cənub sahillərindəki Naro kosmik mərkəzində baş tutub. Tamamını Cənubi Koreya mütəxəssislərinin hazırladığı raketin ilk buraxılışının orbitə çatması şansı əvvəlcədən 30 faiz səviyyəsində qiymələndirilirdi. İlk buaxılışda çəkisi 200 ton olan “Nuri” Yer səthindən 700 kilometr yüksəkliyə qalxsa da, şərti peyki orbitə çıxara bilməyib və uğursuz olub.
Prezident Mun Ce-in Naro televiziya ilə müraciətində “Nuri”nin test buraxılışının uğurlu olmasına sevindiyini bildirib, raketin peyki orbitə çıxara bilməməsindən isə təəssüfləndiyini deyib. Mun Ce-in gələn il daha bir raket buraxılışının həyata keçiriləcəyini açıqlayıb. Mütəxəssislərə uğursuzluğun səbəblərini detallı araşdırmaq tapşırılıb.
Cənubi Koreyanın elm və informasiya-kommunikasiya texnologiyaları naziri xanım Lim Hye-sook bildirib ki, raketdaşıyıcının 3-cü mərhələdə saniyədə 7,5 kilometr sürət yığa bilməməsi səbəbindən şərti peyk planlaşdırılan orbitə çata bilməyib. O, raketdaşıyıcının 3-cü mərhələdəki 7 tonluq mühərrikinin 521 saniyə çalışmasının planlaşdırıldığını, amma cəmi 475 saniyə işlədiyini, bunun da raketin sürətinin azalmasına səbəb olduğunu deyib.
Qeyd edək ki, əgər “Nuri” 1,5 ton ağırlığındakı şərti peyki orbitə çıxara bilsəydi, Cənubi Koreya SSRİ (hazırda Rusiya), ABŞ, Fransa, Çin, Yaponiya və Hindistandan sonra çəkisi bir tondan çox yükü orbitə qaldıran raket istehsal edə bilən 7-ci ölkə olacaqdı. Cənubi Koreyanın 2009-cu və 2010-cu illərdəki raket buraxılışları uğursuz olmuşdu. 2013-cü ildə isə ilkin mərhələdə çalışacaq mühərrikləri Rusiyada hazırlanan “Napo” raketinin buraxılışı uğurlu olub. Hökumət “Nuri” raketinin hazırlanması üçün 2010-cu ildən bəri 1,8 milyard ABŞ dolları vəsait sərf edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin