Cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı növbəti maarifləndirmə tədbiri keçirilib
Bakı, 24 fevral, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında birgə imzalanmış Tədbirlər Planının icrası çərçivəsində 2 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşları iştirak ediblər.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması haqqında ətraflı məlumat verilib.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları paylanılıb.