Cəzaçəkmə müəssisəsində Qurban bayramına həsr olunmuş şahmat və dama turnirləri keçirilib
Bakı, 9 avqust, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq Penitensiar xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində Qurban bayramına həsr olunmuş şahmat və dama turnirləri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Natiq Nağıyev, Xidmətin tərbiyə işinin təşkili idarəsinin əməkdaşı, ədliyyə baş leytenantı Orxan Musayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları - baş məsləhətçi Salman Əbdülov və Tahir Tahirov çıxışlarında tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində əhəmiyyətini vurğulayıb, iştirakçıları qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik ediblər.
Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və xatirə hədiyyələri ilə təltif olunublar.