İQTİSADİYYAT
ÇAYLARIN SAHİL XƏTLƏRİ ETİBARLI ŞƏKİLDƏ MÖHKƏMLƏNDİRİLMİŞDİR
2000-ci ilin yayında Şəki, Qəbələ, Balakən və Qax rayonlarının ərazisində leysan yağışlar yağması, bəzi çayların daşması nəticəsində bir sıra yaşayış məntəqələri, onların təsərrüfat və sənaye infrastrukturu zərər çəkmiş, əkin sahələrini su basmış, yollar dağılmış, kommunikasiya sistemləri sıradan çıxmışdı.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bundan dərhal sonra Nazirlər Kabinetinə, nazirliklərə və baş idarələrə təbii fəlakətin nəticələrinin aradan qaldırılması və zərər çəkmiş rayonların əhalisinə təcili yardım edilməsi üçün qısa müddətdə kompleks tədbirlər proqramı işləyib hazırlamaq barədə göstəriş vermişdi. Avropa Birliyi Qəbələ, Balakən və Şəki rayonlarında dağıntıların aradan qaldırılmasına və çayların sahil xətlərinin möhkəmləndirilməsinə vəsait ayırmaq təşəbbüsü irəli sürmüş və bu məqsədlə təxminən 400 min dollar ayırmışdı.
Azərbaycan Respublikasının İşğaldan Azad Olunmuş Ərazilərinin Bərpası və Yenidən Qurulması Agentliyi tikinti və bərpa işləri üçün tender elan etmişdir. Tenderdə “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti qalib gəlmişdir. Proqramın əsas şərtlərindən biri həmin rayonların ərzisi ilə axan Kiş, Katex çaylarında qoruyucu bəndlər tikilməsi idi. Səhmdar Cəmiyyəti yerli hakimiyyət orqanları ilə birlikdə bəndlər çəkilməsi işlərini cari ilin yazında başa çatdırmışdır.
Nazirlər Kabinetinin şöbə müdiri Şahin Salahov, “Azəraqrartikinti” SC-nin vitse-prezidenti Şamxəlil Xəlilov və İşğal Olunmuş Ərazilərinin Bərpası və Yenidən Qurulması Agentliyinin direktoru Əli Məmmədov və digər məsul şəxslər tikinti işlərinin nəticələri ilə tanış olmaq üçün avqustun 22-də Qəbələ, Şəki və Balakən rayonlarında olmuşlar. Səfərdə Avropa Birliyinin “Fövqəladə yardım proqramı” direktorunun müavini Urye Honkanen də iştirak etmişdir.
Əhalisi təbii fəlakətdən daha çox zərər çəkmiş Qəbələ rayonunda 7 metr hündürlüyündə, 342 metr enində bənd çəkilmişdir. Qoruyucu bəndlərin uzunluğu Şəki rayonunda 440 metr, Balakən rayonunda 212 metrdir. Yüksək keyfiyyətli betondan salınmış bu bəndlər ətraf kəndlərin sakinlərini təbii fəlakətdən etibarlı şəkildə qoruyacaqdır.
Məsul işçilərin olduqları hər yerdə sakinlər onlara göstərdiyi qayğı və diqqətə görə dövlətimizin başçısına ürəkdən təşəkkür etmişlər.