ÇEXİYA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANDA SƏFƏRDƏ OLACAQ
AZƏRTAC xəbər verir ki, Çexiya parlamenti Deputatlar Palatasının elm, təhsil, mədəniyyət, gənclər və idman komitəsinin üzvü Peter Plevanın başçılığı ilə nümayəndə heyəti mayın 25-də Azərbaycana səfərə gələcəkdir.
Qonaqlar səfər çərçivəsində Milli Məclisdə, Xarici İşlər, Təhsil, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərində, Milli Elmlər Akademsiyasında, Azərbaycan Dövlət İqtisad və Bakı Slavyan universitetlərində görüşlər keçirəcəklər.
Çexiyalı deputatlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, M.F.Axundov adına Milli Kitabxanaya baş çəkəcək, Heydər Əliyev Fondu ilə tanış olacaqlar.
Səfər mayın 30-da başa çatacaqdır.