DÜNYA
Çin ABŞ-ın 13 şirkətinə Tayvana silah tədarükünə görə sanksiya tətbiq edib
Bakı, 5 dekabr, AZƏRTAC
Çin ABŞ-ın hərbi sənaye kompleksinə aid 13 şirkətə və həmin müəssisələrin altı rəhbərinə Tayvana silah tədarük etdikləri üçün sanksiya tətbiq edib.
AZƏRTAC xəbər verir ki, ÇXR Xarici İşlər Nazirliyinin bəyanatında məhdudiyyətlərin dekabrın 5-dən qüvvəyə minəcəyi deyilir.
Məlumata görə, sanksiyaya məruz qalan hüquqi və fiziki şəxslərin aktivləri dondurulacaq və onlarla əməkdaşlıq qadağan olunacaq.
Çinin xarici siyasət idarəsi, eyni zamanda, Vaşinqtonu ÇXR-in daxili işlərinə ciddi müdaxilədə, həmçinin ölkənin suverenliyinə və ərazi bütövlüyünə qəsddə ittiham edib.
Oktyabr ayında ABŞ Dövlət Departamenti NASAMS hava hücumundan müdafiə sistemləri və radar stansiyalarının Tayvana mümkün tədarükü ilə bağlı 2 milyard dollarlıq müqaviləni təsdiqləyib.
ÇXR sədri Si Cinpin noyabrın 17-də Peruda ABŞ Prezidenti Cozef Baydenlə görüşündə Birləşmiş Ştatları Tayvan boğazında sülhü qorumaq üçün ehtiyatlı olmağa çağırıb. Çin lideri Vaşinqtondan Çinin sülh yolu ilə yenidən birləşməsini dəstəkləməyi tələb edib.
Tayvan ətrafında vəziyyət 2022-ci il avqustun əvvəlində ABŞ Nümayəndələr Palatasının ozamankı spikeri Nensi Pelosinin adaya səfərindən sonra xeyli gərginləşib. Adanı özünün əyalətlərindən biri hesab edən Çin bu addımı ABŞ-ın Tayvan separatizminə dəstəyi kimi qiymətləndirib.
Xatırladaq ki, Çinlə Tayvan arasında rəsmi əlaqələr 1949-cu ildə ÇXR Kommunist Partiyası ilə vətəndaş müharibəsində məğlub olan Çan Kayşinin başçılıq etdiyi Qomindan qüvvələrinin Tayvana sığınmasından sonra kəsilib.