ÇİN AZƏRBAYCAN İLƏ ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
Parlamentin sədri demişdir ki, Çin Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Rəsmi Pekinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ölkəmizdə yüksək qiymətləndirilir.
Ölkələrimiz arasındakı dostluq münasibətlərinin tarixindən danışan Oqtay Əsədov, əlaqələrimizin inkişafında dövlətlərimizin başçılarının rolunu xüsusi vurğulamışdır. Bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çinə səfəri zamanı imzalanmış çoxsaylı sənədlər münasibətlərimizin genişlənməsi üçün hüquqi baza yaratmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə Çinə dövlət səfəri zamanı imzalanmış sənədlər, keçirilmiş biznes-forum və digər tədbirlər əlaqələrimizin inkişafında yeni mərhələ açmışdır. Bu gün Azərbaycan sürətlə və hərtərəfli inkişaf edir. İki ölkə arasında ticarət dövriyyəsi 259 milyon dollara çatmışdır. İqtisadi əlaqələrin genişləndirilməsi və ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar vardır. Ümid edirik ki, bu imkanlardan səmərəli istifadə əlaqələrimizin daha da möhkəmlənməsinə şərait yaradacaqdır.
Səfir Çjan Xayçjou Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri U.Banqonun salamlarını və təbrikini Oqtay Əsədova çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra sürətlə inkişaf etmiş və dünya birliyində öz layiqli yerini tutmuşdur. Rəsmi Bakının bir sıra məsələlərdə mövqeyimizi dəstəkləməsi Çində yüksək qiymətləndirilir. Çin Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır və bunun üçün əlindən gələni edəcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.