Çində ətraf mühit və sağlamlığın qorunmasına dair yeni Azərbaycan modeli təqdim olunub
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ekologiya kafedrasının baş müəllimi texnika üzrə fəlsəfə doktoru Seynurə Həsənova dünyanın nüfuzlu elm mərkəzlərindən biri hesab olunan Çinin Fudan Universitetində keçirilən beynəlxalq konfransda Azərbaycan elmini uğurla təmsil edib.
Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Bildirilib ki, Şanxay şəhərində təşkil olunan ictimai sağlamlıqda mürəkkəb proseslərin riyazi modelləşdirilməsi üzrə Çin-Kanada-Macarıstan müştərək konfransı dünyanın müxtəlif ölkələrindən tanınmış alimləri, tədqiqatçıları və ekspertləri bir araya gətirib.
Tədbirin əsas məqsədi ictimai sağlamlığa təsir göstərən qlobal problemlərin riyazi modelləşdirmə, süni intellekt və mürəkkəb sistemlər nəzəriyyəsi əsasında araşdırılması, eləcə də bu istiqamətdə beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi olub.
Konfransda Seynurə Həsənova yalnız iştirakçı kimi deyil, həm də sessiya sədri və məruzəçi qismində çıxış edərək beynəlxalq elmi müzakirələrin mərkəzində yer alıb. O, infeksion xəstəliklərin yayılma risklərinin qiymətləndirilməsi, agentəsaslı modelləşdirmə və süni intellekt tətbiqlərinə dair sessiyalara rəhbərlik edib, müxtəlif ölkələrdən olan alimlər arasında elmi diskussiyaların koordinasiyasını həyata keçirib.
AzMİU əməkdaşının təqdim etdiyi “Ətraf mühit və sağlamlığın qorunması üçün modelləşdirmə” adlı elmi məruzə isə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. AzMİU rektorunun müşaviri, Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri professor Məsud Əfəndiyevin elmi rəhbərliyi ilə hazırlanmış tədqiqat çərçivəsində ətraf mühit faktorlarının insan sağlamlığına təsirinin qiymətləndirilməsi və risklərin proqnozlaşdırılması üçün yeni model təqdim olunub. Müasir riyazi yanaşmalar və mürəkkəb sistemlərin analizi əsasında qurulan model ekoloji təhlükələrin və sağlamlıq risklərinin daha dəqiq müəyyənləşdirilməsinə imkan yaradır.
Beynəlxalq ekspertlər təqdim olunan modelin aktual elmi problemlərin həlli baxımından böyük potensiala malik olduğunu qeyd edib, onun inkişaf etdirilməsi istiqamətində yeni elmi əməkdaşlıq təşəbbüsləri irəli sürüblər.
Konfrans çərçivəsində Çin, Kanada və Macarıstanın riyazi ekologiya, data elmi və ictimai səhiyyə sahəsində çalışan aparıcı alimləri ilə birbaşa əlaqələr qurulub, gələcək birgə tədqiqatlar, beynəlxalq qrant layihələri və elmi nəşrlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Müzakirələr zamanı tələbə və tədqiqatçı mübadiləsi, ortaq elmi layihələrin hazırlanması və beynəlxalq tədqiqat şəbəkələrinin formalaşdırılması istiqamətində də mühüm razılaşmalar əldə olunub.
Səfər çərçivəsində Çinin rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən “Feishu” şirkətində də görüş keçirilib. Tərəflər elm, innovasiya və rəqəmsal həllər sahəsində mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Seynurə Həsənova beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən çıxışına görə növbəti konfransa da rəsmi dəvət alıb.