Çində pandemiyanın hazırkı dalğası 21 bölgəyə yayılıb
Pekin, 13 noyabr, AZƏRTAC
Çində pandemiyanın hazırkı dalğasında virusa yoluxmalar paytaxt Pekin də daxil olmaqla, ölkənin 21 bölgəsində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Ötən sutka ölkə ərazisində 75 yoluxma aşkarlanıb. Havaların soyuması yoluxucu xəstəliklərin yayılma riskini çoxaldıb. Buna görə də səlahiyyətli qurumlar pandemiya ilə mübarizə tədbirlərini gücləndirib.
Qeyd edək ki, Çində oktyabrın 16-dan başlayan pandemiyanın sonuncu dalğası zamanı bir neçə yaşayış məntəqəsində virusa yoluxmalar aşkarlanıb. Budəfəki yoluxma coğrafiyasının geniş olması səlahiyyətli qurumları ciddi qərarlar qəbul etməyə vadar edib. Belə ki, yoluxma ocaqları olan bir neçə yaşayış məntəqəsində qapanma elan edilib, iş yerləri və məktəblər bağlanıb, kütləvi tədbirlər ləğv olunub. Yoluxma zəncirini tapmaq üçün epidemioloji təhqiqat çərçivəsində bir neçə mərhələdə kütləvi test prosesi həyata keçirilir.
Noyabrın 12-də paytaxt Pekində 7 yoluxma halı aşkarlandıqdan sonra yoluxanlarla təmasda olanların tapılması və tibbi nəzarətə cəlb olunmasına başlanılıb. Ölkənin digər yaşayış məntəqələrindən Pekinə gələnlər mütləq COVID-19 testinin mənfi nəticəsini təqdim etməlidirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin