ELM VƏ TƏHSİL
CİDDİ HAZIRLIQ İŞLƏRİ GÖRÜLÜR
Məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılmasına dair ölkəmizin Prezidentinin müvafiq Sərəncamı Şəmkir rayonunda müvəffəqiyyətlə həyata keçirilir. Dərs ili başa çatan kimi rayonun bütün ümumtəhsil məktəblərində görüləcək işlərin smeta-layihə sənədləri hazırlanmış və təcili təmir işlərinə başlanmışdır. 1400 şagirdin təhsil aldığı Füzuli adına orta məktəbin dam örtüyü, idman zalı, sinif otaqlarının sıradan çıxmış döşəmələri qısa müddətdə təzələnmiş, təhsil ocağına xeyli yeni inventar alınmışdır.
1965-ci ildə istifadəyə verilən və ötən müddət ərzində bir dəfə də olsun əl gəzdirilməyən 4 nömrəli məktəbdə əsaslı təmir işləri başa çatdırılmışdır. Düyərli, Yeni Göycə, Günəşli, Qaraqoyunlu və Çənlibel kəndlərindəki məktəblərdə şagird sıxlığını aradan qaldırmaq üçün əlavə sinif otaqları tikilmişdir. Rayonun Seyfəli, Dəllər, Bulaqkənd kənd və Kür qəsəbə məktəblərində isə əsaslı təmir işləri başa çatmaq üzrədir. Ümumiyyətlə, hazırda Şəmkirdə fəaliyyət göstərən 50-dən artıq məktəbdə cari, 20-dən artıq məktəbdə isə əsaslı təmir işləri aparılır. 8 kənddə isə yeni məktəb tikintisində işlər sürətlə davam etdirilir.