“Cırtdan” II Bakı Beynəlxalq kukla teatrları festivalının təntənəli açılış mərasimi olmuşdur
Bakı, 9 noyabr (AZƏRTAC). Noyabrın 9-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının birgə təşkilatçılığı ilə “Cırtdan” II Bakı Beynəlxalq kukla teatrları festivalının təntənəli açılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, festival “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq təşkil edilmişdir.
Festivalın açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iştirakçıları Bayraq günü münasibətilə təbrik etmişdir.
Natiq Prezident İlham Əliyevin Azərbaycan teatrının inkişafına göstərdiyi böyük diqqət və qayğıdan, son illər əsaslı təmir edilən teatrlarda aktyorlar üçün yaradılmış yüksək iş şəraitdən söz açmışdır.
Bildirilmişdir ki, festival çərçivəsində şəhərimizin sakinləri və qonaqları Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının və Dövlət Gənc Tamaşaçılar Teatrının səhnələrində bir-birindən maraqlı səhnə əsərlərini izləyə biləcəklər. Festivala Azərbaycandan A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı, Böyük Britaniyadan Dorset Kukla Teatrı Kompaniyası, Yaponiyadan “Yuki” Teatrı, İtaliyadan Teatro Verde Burattini və “Kapra Ballerina”, Bolqarıstandan Tarqovişte Kukla Teatrı, Xorvatiyadan “Zorin dom” Karlovaç Şəhər Teatrı, İsveçrədən “Le Ginyöl A Roulettes” Kukla Teatrı, Macarıstandan İvet Bojik Kompaniyası, Tatarıstandan “Ekiyat” Tatar Dövlət Teatrı qatılmışlar.
UNİMA-nın baş katibi Jak Trüdo təmsil etdiyi təşkilat haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, hazırda UNİMA-ya üzv qəbul olunmuş ölkələrin sayı 87-ə çatmışdır.
Qonaq Azərbaycanda mədəniyyətə və incəsənətə göstərilən diqqət və qayğının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu söyləmişdir.
Açılışda uşaqların ifasında mahnılar səslənmiş, müxtəlif kukla tamaşalarından parçalar göstərilmişdir.
Festivalın ilk günündə Dövlət Kukla Teatrını hazırladığı K.Kollodinin “Pinokkionun sərgüzəştləri” tamaşası nümayiş olunmuşdur.
Festival noyabrın 16-dək davam edəcəkdir.