“Cisco”nun Bakı forumu keçiriləcək
Bakı, 13 may, AZƏRTAC
Mayın 26-da Bakıda “Cisco” şirkətinin "Verilənlərin Emalı Mərkəzi (VEM) və təhlükəsizlik: dəyişikliklər astanasında" mövzusunda forumu keçiriləcək.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, forum iştirakçıları informasiya təhlükəsizliyi sahəsində mövcud olan və VEM üçün nəzərdə tutulan müasir “Cisco” həlləri, həmçinin onların əsas rəqabət üstünlükləri haqqında geniş məlumat əldə edəcəklər. Bundan əlavə, iştirakçılar şirkətin mütəxəssisləri ilə qeyri-rəsmi və səmimi mühitdə görüşüb onları maraqlandıran məsələləri müzakirə edəcəklər. Forumda iki texnoloji istiqamət üzrə -"Verilənlərin emalı mərkəzləri" və "İnformasiya təhlükəsizliyi" üzrə sessiya və təqdimatlar keçiriləcək.
Bakı forumunun iştirakçıları “Cisco”nun müxtəlif təhlükələrlə effektiv mübarizə aparmağa imkan verən yeni təhlükəsizlik modeli ilə tanış olacaq və təhlükəsiz internet-mühitinin qurulma qaydalarını öyrənəcəklər. Bəzi çıxışlar müasir virtuallaşdırılmış VEM-lərin təhlükəsizliyi və fərdi və korporativ cihazların mobil çıxışının təmin edilməsi kimi maraqlı məsələlərə həsr olunacaq.
Şirkət "bulud" texnologiyalarına və “Big Data”-ya (Böyük məlumatlar) hazır virtuallaşdırılmış, miqyaslanan VEM infrastrukturu sahəsində də liderlik edir. Forum iştirakçıları "Cisco ACI" adlı VEM şəbəkə infrastrukturunun konsepsiyası ilə tanış olacaqlar. Bundan əlavə, dinləyicilər iri korporasiyalarda, ictimai sektor təşkilatlarında, kiçik və orta müəssisələrdə və mobil operatorlar bazarında VEM-lərin yaradılması üçün aparıcı həllərə çevrilmiş “Nexus” və UCS məhsullar ailələri haqqında ətraflı məlumat əldə edə biləcəklər. “Cisco” mütəxəssisləri i"Cisco UCS Director" adlı proqram məhsulu haqqında danışacaqlar. Sözügedən məhsul hazırda informasiya texnologiyaları üzrə təşkilatlarda çalışan mütəxəssislərin əl ilə həyata keçirdiyi uzunsürən və mürəkkəb prosesləri avtomatlaşdırmağa imkan verir.