C.NAXÇIVANSKİ ADINA HƏRBİ LİTSEY HEYDƏR ƏLİYEV SİYASİ UZAQGÖRƏNLİYİNİN BƏHRƏSİDİR
Dekabrın 14-də Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində Cəmşid Naxçıvanski adına Hərbi Litseyin yaradılmasının 30 illiyi münasibətilə təntənəli yığıncaq keçirilmişdir.
MTN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yığıncağı nazir, general- polkovnik Namiq Abbasov açaraq Prezident, Ali Baş Komandan Heydər Əliyevin Azərbaycanda milli ordu quruculuğu sahəsində gördüyü genişmiqyaslı işlərdən, dövlət təhlükəsizlik orqanlarının fəaliyyətinin yaxşılaşdırılmasına göstərdiyi qayğı və diqqətdən, nazirliyin şəxsi heyəti qarşısında qoyduğu vəzifələrdən danışmışdır.
Sonra çıxış edən natiqlər Cəmşid Naxçıvanski adına Hərbi Litseyin tarixindən, milli zabit kadrlarının hazırlanması işindəki rolundan danışmış, çətin sovet rejimi dövründə belə bir məktəbin Qafqazda məhz Azərbaycanda yaradılmasını vətənin qeyrətli, qüdrətli və müdrik oğlu Heydər Əliyevin uzaqgörənliyinin, siyasi bəsirətinin bəhrəsi olduğunu vurğulamışlar.
Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyevə müraciət qəbul edilmişdir. Müraciətdə deyilir:
- Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Cəmşid Naxçıvanski adına Hərbi Litseyin 30 illik yubileyinin ölkəmizdə təntənəli şəraitdə qeyd edilməsi haqqında 2002-ci il 19 noyabr tarixli Sərəncamınızı bütün Azərbaycan xalqı kimi, Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti də böyük iftixar hissi ilə qarşılamışdır.
Şərəfli tarixi yol keçmiş Cəmşid Naxçıvanski adına Hərbi Litsey Azərbaycan Respublikasının milli ordu quruculuğu prosesində, ölkənin müdafiəsini təmin etməyə qadir, mənəvi və fiziki hazırlıq səviyyəsi ilə fərqlənən Silahlı Qüvvələrin formalaşmasında əvəzsiz rol oynamışdır. Bu məktəbin yetirdiyi yüzlərlə gənc zabit Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi, peşəkar hərbçi kadrlara böyük ehtiyac duyulduğu ilk vaxtlardan etibarən ordu sıralarında xidmətə başlamaqla, öz vəzifə və vətəndaşlıq borcunu layiqincə yerinə yetirmiş, bu gün də əsl mərdlik və şücaət nümunəsi göstərməkdədir.
Belə bir məktəbin Qafqazda ilk dəfə məhz Azərbaycanda yaradılması olduqca böyük cəsarət, iradə və mətanət tələb edirdi. Çünki bu ideyanın həm keçmiş SSRİ daxilində, həm də xaricdə kifayət qədər əleyhdarları var idi. Bütün təzyiq və maneələrə baxmayaraq, Siz həmin dövrdə bu çətin və xalqımız üçün taleyüklü məsələnin həllinə nail ola bildiniz.
Hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən zabitlərin bütöv bir nəsli hərbi litseydə - “Heydər Əliyev məktəbində” dərs alıb mətinləşməsi ilə fəxr edir.
Cənab Ali Baş Komandan!
Müstəqil Azərbaycan dövlətinin milli maraqlarının təmin olunmasında son dərəcə mühüm və çoxşaxəli fəaliyyətinizdə, Vətənin işıqlı sabahı naminə göstərdiyiniz böyük səylərdə yaxın silahdaşınız olmağı özü üçün böyük şərəf hesab edənlər arasında Cəmşid Naxçıvanski adına Hərbi Litseyin müdavimləri də vardır. Onlar Sizin göstərdiyiniz etimad və etibarı yüksək qiymətləndirir, xidməti vəzifə borclarının yerinə yetirilməsinə tam məsuliyyətlə yanaşaraq, hərbi məktəbin adını daim uca tutmağa və hazırda həmin təhsil ocağında oxuyan xələflərinə yaxşı nümunə olmağa çalışırlar.
Milli Təhlükəsizlik Nazirliyinin hərbi litseyin məzunları olan zabitləri və bütün şəxsi heyəti adından Sizi və xalqımızı bir daha əmin edirik ki, gündəlik xidməti işimizi layiqincə yerinə yetirməklə dövlətçiliyimizin möhkəmləndirilməsi, vətənin tərəqqisi naminə bundan sonra da bütün qüvvəmizi əsirgəməyəcək, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, dünya dövlətləri sırasında layiqli yer tutması naminə gərgin fəaliyyətinizdə etibarlı köməkçiləriniz olacağıq.