Coğrafiya İnstitutunda doktorantların attestasiyası keçirilib
Bakı, 18 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantların attestasiyası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müəssisənin baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminovun əmri əsasında yaradılmış attestasiya komissiyasına elmi rəhbərlərin iştirakı ilə doktorantlar gördükləri işlər haqqında hesabat veriblər. Doktorantlar keçən il ərzində ixtisasları sahəsində oxuduqları ədəbiyyat, nəşr etdikləri məqalələr, konfranslarda və təcrübi işlərdəki iştirakları və s. haqqında məlumat veriblər.
Fərdi iş planlarında nəzərdə tutulan işlər tam yerinə yetirildiyindən doktorantların növbəti tədris ilində təhsillərini davam etdirməsi qərara alınıb.