Coğrafiya İnstitutunda Qazaxıstan alimləri ilə görüş
Bakı, 21 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Abay adına Qazaxıstan Pedaqoji Universitetinin coğrafiyaçı alimləri ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə coğrafiya elmləri doktoru Zakir Eminov rəhbərlik etdiyi elm müəssisəsi barədə məlumat verib.
Qazaxıstan Milli Pedaqoji Universitetinin (QMPU) Təbiət Elmləri və Coğrafiya İnstitutunun direktoru coğrafiya elmləri doktoru, professor Kulyaş Kaymuldinova bildirib ki, görüşün məqsədi elm-təhsil xətti ilə “Davamlı inkişaf aspektləri üzrə təlim və yenidən hazırlıq” layihəsi çərçivəsində görülən işlərlə tanışlıqdır. Direktor QMPU-nun reytinqli dünya universitetləri sırasında yer aldığını, hazırda 7 qrant layihəsi üzərində işlədiyini diqqətə çatdırıb.
QMPU-nun professoru Bahadurxan Abdumanapov doktoranturaya qəbul qaydaları, təhsil proqramları, Tələbələrə Xidmət Rəqəmsal Mərkəzinin fəaliyyəti, məktəblərdə coğrafiya fənninin tədrisi, dərsliklərin hazırlanması, ali məktəbə hazırlıq və müəllimlərin işə qəbulu, distant və onlayn formatda aparılan təhsil, Xəzər dənizinin öyrənilməsi, Türkdilli Universitetin yaradılması və s. haqqında məlumat verib.
QMPU-nun elmi işlər və beynəlxalq əməkdaşlıq üzrə direktor müavini dosent Karlıqaş Muzdıbayeva və institutun müəllimi, dosent Nurjanat Şakirova noyabrın 24-də Almatıda “Davamlı İnkişafın təbiət elmləri, təhsil və elm paradiqmaları” mövzusunda onlayn formatda keçiriləcək Beynəlxalq Elmi Gənclik Forumu haqqında danışıb, azərbaycanlı həmkarlarını tədbirdə fəal iştirak etməyə dəvət ediblər.
Coğrafıya elmləri doktoru Sitarə Tarixazər, elmi katib coğrafıya üzrə fəlsəfə doktoru Zərnurə Həmidova, mülki müdafiə qərargahının rəisi Namazəli Mustafayev çıxış edərək Coğrafiya İnstitutu ilə QMPU-nun Təbiət Elmləri və Coğrafiya İnstitutu arasındakı əməkdaşlıq əlaqələrinin hər iki müəssisə üçün müsbət nəticələr verəcəyinə əminliklərini ifadə ediblər.
Görüşdə kitab mübadiləsi aparılıb. Qonaqlara “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin rus dilinə tərcümə olunmuş 2 cildi hədiyyə edilib. Qazaxıstan alimləri isə özləri ilə gətirdikləri “Coğrafiya” dərsliklərini institut rəhbərinə təqdim ediblər.