“CONNECT TV” qiymətləri endirdi
Bakı, 28 avqust, AZƏRTAC
“CONNECT TV” sentyabrın 1-dən etibarən yayımlanan kanallar paketinin tərkibini daha da zənginləşdirəcək.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, şirkət tanınmış, ən reytinqli və baxımlı kanalları “Standart” paketə əlavə edərək abunəçilərə müxtəlif dillərdə yayımlanan tamamilə yenilənmiş universal paket təqdim edəcək. Həmin tarixdən etibarən abunəçilər iki paketdə - “Standart” və əlavə olaraq təqdim olunacaq “Premium” paketdə tam yüksək keyfiyyətli HD kanalları izləyə biləcəklər. “Standart” paketə daxil ediləcək HD kanalların sayı daha da artırılacaq, “Premium” paketdə isə bütün kanallar HD keyfiyyətinə malik olacaq.
Xidmət keyfiyyətinin daha da yüksəldilməsi, abunəçilərə daha keyfiyyətli (HD yayım) və onların zövqünə uyğun kontentin təqdim edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, əhatə dairəsinin genişləndirilməsi və digər texniki yeniliklərlə əlaqədar olaraq “Standart” paketə görə abunə haqqı 10 manat təşkil edəcək. Abunəçilərə 18 manata təqdim olunan “Optimal” paketdəki kanallar isə “Standart” paketə daxil edilərək 10 manata təklif ediləcək. Həmçinin “Premium” paketin qiyməti 27 manatdan 15 manata endiriləcək.
Abunəçilər yaranan hər hansı sualla əlaqədar 159 Məlumat Mərkəzinə zəng edə bilərlər.