DÜNYA
CORC BUŞ GÜRCÜSTAN PREZİDENTİNİN İSTEFASINI TƏQDİR EDİR
AZƏRTAC-ın Tbilisi müxbiri xəbər verir ki, ABŞ dövlət katibi köməkçisinin müavini Linn Pasko buraya gəlmişdir. O, ABŞ Prezidenti Corc Buşun sabiq Gürcüstan Prezidenti Eduard Şevardnadzeyə məktubunu gətirmişdir. Məktubda Ağ evin başçısı E.Şevardnadzenin istefasını “öz karyerasını başa çatdırmaqda layiqli addım” adlandırmış və “Gürcüstanda demokratiyanın bərqərar olunmasında xidmətlərinə görə” ona təşəkkür etmişdir.
C.Buş əmin olduğunu bildirmişdir ki, “ABŞ kimi, E.Şevardnadze də Gürcüstanın müstəqilliyi, demokratiyası və tərəqqisi üçün əlindən gələni əsirgəməyəcəkdir”.
ABŞ Prezidenti İraqda terrorizmlə mübarizədə dəstəyinə və “soyuq müharibə”nin başa çatmasına töhfəsinə, Gürcüstanın demokratik inkişaf yolu seçməsinə görə də E.Şevardnadzeyə təşəkkürünü bildirir.