CORC BUŞ İRANA NÜVƏ ZƏRBƏSİ BARƏDƏ XƏBƏRLƏRİ “CƏFƏNG UYDURMALAR” ADLANDIRMIŞDIR
ABŞ Prezidenti Cons Hopkins Universitetində keçirilən görüşdə məsələyə aydınlıq gətirərək demişdir: “Bilirəm, burada, Vaşinqtonda çəkindirmə qüvvə deməkdir. Lakin çəkindirmə heç də təkcə qüvvə demək deyildir. İndiki halda bu, diplomatiyadır”.
Corc Buş İraqa müdaxilə ərəfəsində toplanmış məxfi informasiyanın mətbuata sızması ilə bağlı qalmaqala toxunaraq etiraf etmişdir ki, 2003-cü ildə bu məlumatların bir hissəsini ona görə məxfilikdən çıxarmışdı ki, amerikalılar Səddam Hüseyn tərəfindən təhlükə barədə onun bəyanatlarının səbəblərini görə bilsinlər. Məlumatsızmalarının köməyi ilə Ağ evin diplomat Cozef Uilsonu cəzalandırmaq niyyətində olduğunu güman edən görüş iştirakçılarından birinin sualına prezident belə cavab vermişdir: “İstəyirdim ki, adamlar həqiqəti görsünlər”.
Xatırladaq ki, gizli informasiyanın mətbuata sızılması nəticəsində Uilsonun arvadı, Mərkəzi Kəşfiyyat İdarəsinin agenti Valeri Pleym məxfilikdən çıxarılmışdır.
Bu ara İran Prezidenti Mahmud Əhmədinejad bildirmişdir ki, onun ölkəsinin nüvə obyektlərinə nüvə zərbəsi endirilməsinin mümkünlüyü barədə KİV-lərin xəbərləri iranlılara qarşı aparılan psixoloji müharibədir. Əhmədinejad nüvə proqramını dayandırmaq tələblərini bir daha rədd etmiş və “yaxın günlərdə çox yaxşı nüvə xəbərləri yayılacağına” söz vermişdir.
Aprelin 10-da İranın Mehr agentliyi bildirmişdir ki, Tehrandakı İslam Universitetinin alimləri istilik-nüvə sintezi üçün qurğuların – tokamakların yaradılması texnologiyalarına dünyada birinci olaraq yiyələnmişlər. Xəbərdə deyilir ki, başqa ölkələr bu texnologiyaya yalnız 20 ildən sonra yiyələnə bilərlər.