CORC BUŞ PREZİDENTLİYİ DÖVRÜNDƏ AVROPAYA SONUNCU RƏSMİ SƏFƏRƏ GƏLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ABŞ Prezidenti Corc Buş iyunun 10-dan Avropada rəsmi səfərdədir.
Səfərin ilk günü Sloveniyaya gələn C.Buş burada Brdo kurort şəhərində keçirilən illik Avropa İttifaqı - ABŞ zirvə toplantısında iştirak etmişdir. Zirvə toplantısının gündəliyinə İranın nüvə proqramı, Əfqanıstan və İraq müharibələri, Yaxın Şərqdə sülh danışıqları, qlobal iqlim dəyişiklikləri, dünya bazarlarında enerji daşıyıcılarının bahalaşması və digər məsələlər daxil edilmişdir. Burada o, həmçinin Sloveniya Prezidenti Donald Türk, Avropa Şurasının fəaliyyətdə olan icraçı sədri, Sloveniyanın Baş naziri Yanez Yanşa, Avropa Komissiyasının sədri Xose Manuel Barrozo və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Xavyer Solana ilə görüşlər keçirmişdir.
Həmin axşam ABŞ Prezidenti Almaniyaya rəsmi səfərə yola düşmüşdür. Almaniya federal hökumətinin Brandenburq federal əyalətində yerləşən qonaq evi - Mezeberq qəsrində kansler Angela Merkel ilə görüşmüşdür. Yaxın Şərqdə münaqişələr, İran və Əfqanıstan, eləcə də “Böyük səkkizlər”in iyul ayında Yaponiyada keçiriləcək konfransı barədə fikir mübadiləsi aparılmışdır.
İyunun 11-də C.Buş Almaniyadan Romaya ikigünlük səfərə yola düşmüşdür. ABŞ Prezidenti Romada İtaliyanın Prezidenti Corcio Napolitano və Baş nazir Silvio Berluskoni ilə görüşəcək, eləcə də Vatikanda Roma Papası XVI Benediktin qəbulunda olacaqdır.
Daha sonra Fransa və Böyük Britaniyaya səfər edən ABŞ-ın dövlət başçısı iyunun 16-da Avropa turuna yekun vuraraq vətənə dönəcəkdir.