Dağılmış evlər, minalanmış ərazilər, eşelonlaşdırılmış müdafiə xətti – Ukrayna-Belarus sərhədindən reportaj
Jitomir, 23 fevral, AZƏRTAC
Sıx meşələr, dağılmış evlər, minalanmış ərazilər, eşelonlaşdırılmış müdafiə xətti. Bu, Ukraynanın Belarusla sərhəd kəndlərinin mənzərəsidir. 2022-ci il fevralın 24-də Ukraynada müharibənin başladığı ilk gün kənd sakinləri mərmi partlayışlarının səsinə oyanıblar.

Həmin gün Rusiya silahlı qüvvələri Belarus ərazisindən Ukraynanın sərhəd Novaya Radça kəndinə daxil olmağı bacarıblar. Rusiya qoşunları bu ərazilərdən paytaxt Kiyevə doğru irəliləmək istəyiblər, lakin Ukrayna silahlı qüvvələrinin güclü müqaviməti ilə qarşılaşıblar.
Novaya Radça kənd sakini İrina Nevmerjitskaya AZƏRTAC-a açıqlamasında bildirib ki, kəndləri fevralın 24-də səhər saatlarından başlayaraq Belarus tərəfdən top artilleriyasından atəşə tutulub.

“Ərazimizin hər tərəfində mərmilər partladı. Həyəcan və təşviş içində olan kənd sakinlərinin bir çoxu, əsasən uşaqlı ailələr səhər tezdən maşınlarla kəndi tərk etdilər. Kəndimiz fevralın 24-dən aprelin 4-dək işğal altında qaldı. Bu müddətdə 3 mülki şəxs həlak oldu, 3-ü isə qəlpə yarası aldı. Staraya Radça kəndindən isə 2 nəfər ruslar tərəfindən güllələndi. Sizə deyə bilərəm ki, indi Ukraynanın bütün ərazisində təhlükə var. Amma biz ən çox Belarusla sərhədə yaxın yaşadığımıza görə narahatıq. İkinci dəfə hücum riski bizi çox narahat edir. Əlbəttə, biz narahatıq, qorxuruq, amma Ukrayna Silahlı Qüvvələrinə inanırıq. İndi həm bizim taleyimiz, həm də, Ukraynamızın taleyi onların əlindədir”,- deyə o fikirlərini ifadə edib.

Qeyd edək ki, bir çox çətinliklə üzləşərək, xüsusi buraxılışla bu ərazilərə daxil olduq. Bizi hərbçilər müşayiət edirdi. Çünki bütün ərazilər, hətta kəndin böyük hissəsi minalanıb. Hərbçilər çəkiliş apara bilməyimiz üçün yalnız onların müşayiəti ilə, açdıqları cığırla hərəkət etməyimizi tapşırdılar. Ətrafda acınacaqlı mənzərə idi. Bütün mülki infrastruktur, hətta kilsə də bombalanmış və dağıdılmışdı. Kəndlərin əhalisinin böyük hissəsi isə öz doğma evlərini tərk etmək məcburiyyətində qalmışdır.

Emil Hüseynli
Jitomir