DAHA 3 AZƏRBAYCAN KOMANDASI AVROPA KUBOKLARINDA İLK GÖRÜŞLƏRİNİ KEÇİRMİŞLƏR
Bakı, 3 dekabr (AZƏRTAC). Bakının “Rabitə” komandasının ardından Azərbaycanın daha 3 voleybol klubu Avropa “Çelenc kuboku” turnirində ilk görüşünü keçirmişdir.
Bakının qadınlardan ibarət “Lokomotiv” komandası İsraildə yerli “Raanana” komandası ilə qarşılaşmışdır. Azərbaycan voleybolçuları artıq ilk hissəni qələbə ilə (25:14) başa vurmağı bacarmışlar. Bununla belə, oyunun qalibi yalnız beşinci setdə müəyyənləşmişdir. Həlledici hissədə meydan sahibləri daha güclü olmuşlar - 15:10. Görüş 3:2 hesabı ilə İsrail komandasının xeyrinə başa çatmışdır - (25:14, 18:25, 24:26, 30:28, 10:15).
“Çelenc kuboku” turniri çərçivəsində daha bir görüş isə İstanbulda yerli “Qalatasaray” ilə Bakının “İqtisadçı” kollektivi arasında olmuşdur. Görüş Türkiyə voleybolçularının qələbəsi ilə başa çatmışdır - 3:0 (25:18, 25:13, 25:17).
Nəhayət, bu turnir çərçivəsində Bakının kişilərdən ibarət “Azərneft” komandası səfərdə Yunanıstanın “Fonikas” klubunun qonağı olmuşdur. Azərbaycan voleybolçuları 2:3 hesabı ilə məğlub olmuşlar. “Azərneft” ilk hissəni 25:21 hesabı ilə qalib başa vursa da, meydan sahibləri növbəti iki hissədə 25:16, 25:19 hesabı ilə qalib gəlmişlər. Lakin, “Azərneft” dördüncü setdə 20:25 qələbə qazanmışdır. Dramatikliyi ilə yadda qalan sonuncu hissədə meydan sahibləri 19:17 hesabı ilə qalib gəlmişlər.
Xatırladaq ki, dekabrın 1-də “Rabitə” CEV kuboku turniri çərçivəsində Polşada yerli “İmpel Qvardiya” komandası üzərində 3:1 hesabı ilə inamlı qələbə qazanmışdı. Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcəkdir.