DAHA 5 ƏDƏD YENİ VAQON BAKI METROPOLİTEN SƏRNİŞİNLƏRİNİN İSTİFADƏSİNƏ VERİLMİŞDİR
Mərasimi Metropoliten İdarəsinin rəisi Tağı Əhmədov açaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhər sərnişin nəqliyyatının bu əsas növünün inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır. O bildirmişdir ki, son iki ildə Rusiyanın “Metrovaqonmaş” Açıq Səhmdar Cəmiyyətindən alınan yeni vaqonların sayı 50-yə çatmışdır. Vaqonlar müasir standartlara, xüsusilə də təhlükəsizlik qaydalarına tam cavab verirlər.
Natiq dedi ki, Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq, 2004-cü ildə də metropoliten üçün zəruri olan yeni texnika və avadanlıq alınmasına dövlət budcəsindən xeyli vəsait ayrılması nəzərdə tutulmuşdur.
Çıxış edən digər natiqlər sərnişin daşınmasında son dərəcə əhəmiyyətli rol oynayan metronun yaradılmasında Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd etdikdən sonra əmin olduqlarını bildirmişlər ki, Prezident İlham Əliyev paytaxtın bu vacib nəqliyyat arteriyasının inkişafını diqqətdə saxlayacaqdır. Çünki metro gün ərzində fasiləsiz olaraq təqribən 19 saat sərnişinlərin xidmətindədir.
Müxalifətin radikal qanadının oktyabrın 15-16-da Bakının küçə və meydanlarında törətdikləri iğtişaşlara kəskin etiraz edən metropolitençilər prezident seçkilərində böyük sevinclə İlham Əliyevə səs verdiklərini, bundan qürur duyduqlarını və hər zaman onu müdafiə edəcəklərini bildirmişlər.
Qırmızı lent kəsiləndən sonra Tağı Əhmədov yeni vaqonlar qoşulmuş lokomotivin açarını maşinist Mərdan Rəhimova təqdim etdi. Qatar mərasim iştirakçılarının alqışları altında yola salındı. Beləliklə, Bakı Metropoliteninin çoxminli kollektivi növbəti dəfə ikiqat sevinc hissini yaşadı.