DAHA BİR ƏDƏBİ KÖRPÜ
AZƏRTAC xəbər verir ki, “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyası Azərbaycanın rus icması yanında Rus Mədəniyyəti Mərkəzində müasir Azərbaycan və Rusiya yazıçılarının yeni “Güzgülərdə” (Bakı, “Nurlan” nəşriyyatı) almanaxının təqdimatını keçirmişdir.
Bu, “Ədəbi körpülər” silsiləsindən ikinci kitabdır. Birinci kitab cari ilin aprelində rus dilində yazan Gürcüstan ədibləri ilə birlikdə buraxılmışdır. Nəşrin tərtibatçıları “Luç” Assosiasiyasının sədri, professor Həsən Quliyev və “Literaturnaya qazeta”nın ədəbiyyat şöbəsinin redaktoru Aleksandr Yakovlev, bədii tərtibatçısı Ülviyyə Quliyeva-Onceldir (Türkiyə).
H.Quliyev bildirmişdir ki, yeni birgə layihə tədricən genişlənir və getdikcə daha çox diqqət cəlb edir. O demişdir: “Bunu uğurlu nailiyyət hesab etmək olar, çünki “Luç” Assosiasiyası xalqlar arasında dostluğun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, mədəni dəyərlərin təbliğinə xidmət edir”.
Onun sözlərinə görə, Almaniyada da birgə layihəyə maraq göstərir və deməli, rus dilində yazılan Azərbaycan ədəbiyyatı tərcümə sınağından çıxmalıdır. H.Quliyev vurğulamışdır ki, bu baxımdan müəlliflər məsuliyyət hiss etməlidirlər, çünki onlar Azərbaycanı təkcə yaxın deyil, həm də uzaq xaricdə təmsil edirlər.
Almanax (9 Azərbaycan, 10 Rusiya müəllifi) tematik çərçivələrlə məhdudlaşmır, odur ki, hər bir oxucu burada özü üçün maraqlı və faydalı əsər tapacaqdır.