Danimarkada tətil elan edən tibb bacılarının sayı artır
Stokholm, 13 iyul, Rauf Əliyev, AZƏRTAC
Danimarkada tətil elan edən tibb bacılarının sayı artır.
AZƏRTAC xəbər verir ki, ağır iş şəraitinə və aşağı məvacibə qarşı etiraz olaraq iyunun 19-dan başlayan tətilə, əvvəlcə 4750 tibb bacısının qatılmasına baxmayaraq, iyulun 12-də əlavə olaraq 702 tibb bacısı da qoşulmaq qərarını verib.
“Siyasətçilərin və işəgötürənlərin bizimlə danışıqlara razılıq verməsini təmin etmək üçün lazım olan hər şeyi etməliyik. Bu mövzuda ciddi olduğumuzu anlamalıdırlar”, - deyə Danimarka Tibb bacıları ittifaqının sədri Qreta Kristensen bildirib.
Danimarka Tibb bacıları ittifaqının fikrincə, əsas problem tibb bacılarının maaşlarının kişilərin üstünlük təşkil etdiyi digər peşələrdən daha aşağı səviyyədə olmasını əvvəlcədən təyin edən 1969-cu ilin ictimai xidmət islahatındadır. Beləliklə əmək haqqının aşağı olması, gənclər arasında bu peşəni oxuyanların sayına mənfi təsir göstərməklə yanaşı, mövcud tibb müəssisələrində lazımi qədər tibb bacılarının işə götürülməsində çətinliklər yaradır.
Qreta Kristensen əlavə edib: "Tibb bacılarının maaş və iş şərtlərinin yaxşılaşdırılması ilə bağlı heç bir addım atılmasa, gələcəkdə bu peşə sahiblərinin daha kəskin qıtlığı yaşanacaq və bu da öz növbəsində bütün Danimarka səhiyyə sistemi üçün ağır fəsadlar verəcək".
Qeyd edək ki, həmkarlar ittifaqı ilə hökumət arasında aparılan danışıqlar hələ ki, uğurla nəticələnməyib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm