Daşkənddə Azərbaycanın və Özbəkistanın Xalq Artisti Firudin Səfərovun 80 illik yubileyi qeyd olunmuşdur
Daşkənd, 12 noyabr (AZƏRTAC). Özbəkistan Mədəniyyət və İdman İşləri Nazirliyinin “Özbəkteatr” Birliyi Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi ilə birlikdə Əlişir Nəvai adına Opera və Balet Teatrının rejissoru, Azərbaycanın və Özbəkistanın Xalq Artisti, professor Firudin Səfərovun 80 illik yubileyi münasibətilə mərasim keçirmişdir.
Daşkənddəki “Türküstan” sarayında keçirilən tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, diplomatlar, mədəniyyət, incəsənət xadimləri, KİV, ictimaiyyət və diaspor nümayəndələri iştirak etmişlər.
Mərasim Firudin Səfərovun həyat və fəaliyyətinə həsr edilmiş sənədli filmin nümayişi ilə başlamışdır.
Sonra teatrın direktoru Bəxtiyar Yaqubov tanınmış opera rejissoru F.Səfərovun həyat və fəaliyyətindən, Daşkənd teatrındakı xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, görkəmli italyan bəstəkarı C.Verdinin bu teatrda tamaşaya qoyulan altı operasından beşinin müəllifi məhz F.Səfərovdur və hazırda bəstəkarın daha bir əsəri - “Ernani” operası üzərində gərgin məşqlər gedir.
Bildirilmişdir ki, professor Firudin Səfərov Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasında gənc opera rejissorlarının hazırlanmasında da əvəzsiz xidmət göstərir.
B.Yaqubov teatr adından F.Səfərova Özbəkistanın milli geyimi və digər hədiyyələr təqdim etmişdir. Bildirilmişdir ki, opera sənəti qarşısındakı xidmətlərinə görə tanınmış rejissora Özbəkistan Prezidentinin Fərmanı ilə “Əmək şöhrəti” ordeni verilmişdir.
Tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyevin təbrik məktubları oxunmuşdur.
Səfir F.Səfərovun Azərbaycan və özbək xalqları qarşısındakı xidmətlərini yüksək qiymətləndirmiş və bildirmişdir ki, dövlətlərimiz arasında dostluğun möhkəmlənməsində onun rolu danılmazdır. F.Səfərova səfirliyin fəxri fərmanı təqdim olunmuş, yubilyara qiymətli hədiyyələr verilmişdir.
Özbəkistanın aparıcı teatrlarının rəhbərləri və mədəniyyət xadimləri çıxış edərək yubilyarı təbrik etmiş və onu görkəmli opera rejissoru kimi səciyyələndirmişlər.
Yubiley mərasimində Firudin Səfərovun səhnələşdirdiyi bir sıra əsərlər - Üzeyir Hacıbəylinin “Koroğlu”, “Leyli və Məcnun”, həmçinin dünya klassik operalarından parçalar göstərilmişdir. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı və Azərbaycan xalq çalğı alətləri ansamblı mahnı və rəqslərimizi ifa etmişlər.
Tədbirin sonunda Firudin Səfərov çıxış edərək onun sənətinə verdikləri yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Özbəkistan Prezidenti İslam Kərimova minnətdarlığını bildirmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd