Daşkəsəndə buraxılış imtahanlarının keçirilməsi üçün hazırlıq işləri başa çatdırılıb
Daşkəsən, 9 iyun, Rauf Hacıyev, AZƏRTAC
İyunun 10-da Dövlət İmtahan Mərkəzi tərəfindən Daşkəsən rayonunda ümumtəhsil müəssisələrinin 9-cu siniflərində təhsil alan şagirdlər üçün buraxılış imtahanı, ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd verən əvvəlki illərin məzunları üçün qəbul və eləcə də 11-ci sinifdə başqa dildə təhsil alan şagirdlər üçün Azərbaycan dili imtahanı keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahan Daşkəsən rayonunda 2 binada - Daşkəsən şəhər İ.Nəsimi adına 1 saylı və A.Mürsəlov adına 2 saylı tam orta məktəblərdə aparılacaq.
Bu imtahanda 315 nəfər şagirdin iştirak edəcəyi gözlənilir.
Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edəcək.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək, girişdə bütün imtahan iştirakçılarının hərarətinin yoxlanılması təmin ediləcək. Bir imtahan zalında isə maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur. Maskadan istifadə etməyən şagirdlər imtahana buraxılmayacaq.
İmtahandan iki gün əvvəl - iyunun 8-də imtahanların keçirilməsi nəzərdə tutulan hər iki təhsil müəssisəsində dezinfeksiya işləri aparılıb. Məktəblərin foye, dəhliz, imtahan otaqları dezinfeksiya edilib, sanitar qovşaqlarında axar su təmin olunub, tövsiyəyə uyğun təmizlik işləri görülüb.
Şagirdlərin imtahana buraxılış zamanı toplaşacağı yerlərdə 2 metrlik ara məsafəsinin nişanları çəkilib.
İmtahan binaları iyunun 9-u saat 09:00-dan möhürlənərək polis əməkdaşlarına təhvil verilib.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə imtahan günündə - iyunun 10-da saat 08:00-dan imtahan qurtaranadək imtahan binalarının mühafizə edilməsi və buraxılış rejiminin təşkili üçün hər imtahan binasına 5 polis əməkdaşının, imtahan sənədlərinin imtahan binasına çatdırılması üçün 1 polis patrul xidməti maşınının ayrılması, eləcə də imtahanda səhiyyə xidmətinin həyata keçirilməsi üçün saat 09:00-da hər imtahan binasına 1 təcili tibbi yardım avtomobilinin və həkim heyətinin, habelə dövlət yanğından mühafizə əməkdaşlarının ayrılması və imtahan binasının su, işıq və qazla tam təmin olunması nəzərdə tutulur.
İmtahanlara hazırlıq tədbirləri Daşkəsən Rayon İcra Hakimiyyətinin nəzarəti ilə karantin qaydalarına uyğun aparılır. Apteklərdə tibbi maskaların satışının tam təmin olunması barədə göstəriş verilib.